Seçkiyə gülən boykotçulara elm çoxdan cavab verib

Apr 26, 2019 11:39

Elmi ədəbiyyata baxarkən

Foreign Policy jurnalının və Brookings institutunun müəllifi Matthew Frankel “Niyə seçki boykotu pis fikirdir?” adlı tədqiqatında (1*) deyir ki, dünya üzrə 1990-2009`cu illər arasındakı 171 seçkinin boykot və boykot təhdidi tarixçəsinin araşdırması şübhəyə yer qoymur: boykot, ona həqiqətən əl atan tərəfin vəziyyətini ancaq daha da pisləşdirir. Digər tərəfdən, boykot təhdidi müəyyən müsbət nəticələrə gətirə bilər. Lakin, bunun sadəcə təhdid olduğunu hakimiyyət də bilirsə, onda necə? Buna çox da aydın cavab verilməsə də, bütövlükdə götürəndə, bu və digər müəlliflərin araşdırmaları boykot strategiyasına çoxdan oxunmuş bir ölüm hökmüdür.

Latın Amerikasındakı siyasi sistemləri təhlil edən başqa araşdırmaçılar göstərmişdirlər ki, 1980-90`ların “natamam” siyasi partiya sistemlərdində müxalifət liderləri hakimiyyəti ayaqda saxlayan hər hansı prosesə qarşı etiraza daha çox enerji və vaxt sərf edirdilər, nəinki seçkidə qalib gəlməyə. (2*) Ona görə də daim məğlub olurdular.

1989-2003`cü illərdəki Afrika boykotlarını təhlil edən daha bir araşdırma göstərmişdir ki, boykotlar demokratikləşmə prosesini daim əngəlləmişdir, nəinki onu irəli aparmışdır. (3*)

Daha bir araşdırmaçı təkid edir ki, seçkinin saxta keçiriləcəyi gözlənilsə də, müxalifət onlara qatılmalıdır. Bunu deyərkən, o texniki və siyasi məsələləri bir-birindən kökündə ayrılmasını və hər birini ayrılıqda həll etməyi təklif edir. (4*)

Dünya tarixində seçki boykotu təcrübəsini tədqiq edən başqa bir araşdırmaçının fikrincə, seçki boykotu demokratikləşmə prosesinin qaçılmaz doğuş ağrılarıdır, beynəlxalq müşahidəçilər isə mama-ginekoloq rolunda çıxış edirlər. (5*) Boykotun hər yerdə əsas səbəbi “hakimiyyətin saxtakarlıq və ədalətsizlik edəcəyinə inamdır”. (6*)

Boykotçuların məqsədi, ya seçki qaydalarında bərabərliyə nail olmaqdır, ya da beynəlxalq alımdə hakim rejimi nüfuzdan salmaqdır. (7*)
Başqa bir araşdırmaçı seçki tarixçələrinə baxaraq qeyd edir ki, beynəlxalq müşahidəçilərin mövcudluğu boykot sayını azalda bilər. (8*)
Boykot haqqında elmi nəzəriyyələr də təklif olunub. Bir sıra amilləri öz nəzəriyyəsinə daxil edərək müəllif deyir ki, boykotun əsas məsələsi hakimiyyətin legitimliyidir və bu baxımdan legitimliyin nə dərəcədə zədə alması boykotun əsas ölçüsüdür. (9*) Müəllif qeyd edir ki, boykotun uğurlu olması üçün müxalifət seçki ərəfəsində kütləvi iğtişaşlı böhran yaratmağı bacarmalıdır, əgər hakimiyyətin mənəvi nüfuzunun heç nəyə yararlı olmadığını nümayiş etdirmək istəyirsə. Bacarmırsa, onda heç.

1989`cu ildə boykotların sayı dünya üzrə seçkilərin 4 faizini təşkil edirdi. 2002`də bu rəqəm 15 faizə qədər artsa da, sonradan dəfələrlə aşağı düşdü, çünki siyasi partiyalar boykotun mənasızlığını anlamağa başladılar.

Boykotun legitimliyə zərəri çox azdır, əsasən heç yoxdur da

Bəzi nadir istisna hallara baxmayaraq, boykot edən partiyalar beynəlxalq ictimaiyyətdən heç vaxt dəstək almırlar. Məsələn, Efiopiyada 1994`cü ildə müxalifət parlament seçkilərini boykot etdi və beynəlxalq təşkilatları çağırdı ki, rejimə maddi yardımı dayandırsınlar. Hakim partiya 547 yerdən 484 yeri rahatlıqla özünə götürdü və ABŞ, bu seçkilərin nəticələrini dərhal tanıdı.

1992`ci ildə Qanada müxalifət parlament seçkilərini saxtakarlıq gözləntisi səbəbilə boykot etdi. Onlar növbədənkənar prezident seçkiləri tələb edirdilər. Nəticə etibarı ilə, dünya buna vecsiz qaldı, prezident Rawling`in partiyası 200 yerdən 189`nu özünə götürdü, özü isə düz 2001`ci ilə qədər prezident vəzifəsində qaldı.

1997`ci ildə Malidə müxalifət parlament seçkilərini boykot etdi. Seçicilərin səsverməyə cəmi 10 faizi gəldi, 147 yerdən 123`nu hakim partiya aldı, amma ABŞ Dövlət katibi Madlen Olbrayt ölkəni “Qərbi Afrikanın demokratiya qalası” adlandırdı.

1994`cü ildən hakimiyyətdə olan Qambia prezidenti Cammehi müxalifət sonuncu dəfə 2013`cü ildə seçkidə boykot elədi. Daha doğrusu, 7 müxalifət partiyasından 6`sı seçkini boykot etdi, ancaq bir partiya iştirak etdi. Və məhz iştirak etmiş həmin o partiyanın namizədi 2017`ci il prezdent seçkisində çox sərt keçən kampaniya nəticəsində qalib gəlməyi bacardı, yəni müxalifətin 23 illik səhvini aşa bildi (qələbədən sonrakı kütləvi etirazlar seçki nəticələrini saxtalaşdırmağa imkan vermədi).

Boykot müxalifətin marginallaşmasına aparır

1996`cı ildə seçki saxtakarlığına etiraz edərək, Zambia parlamentində 26 yerə sahib olan UNİP partiyası boykota getdi. Nəticədə, 157 yerdən 127`sini hakim partiya özünə götürdü, UNİP partiyası isə növbəti bütün seçkilərdə itirə-itirə gəldi və 2011 və 2016 seçkilərində ümumiyyətlə bir yer də qazanmadı.

2005`ci ildə Zimbabve müxalifətinin lideri Tsvangarai parlament seçkilərini boykot etdi. Hakim partiya 66 yerdən 49`nu aldı və Tsvangarai uzun müddət siyasi proseslərə təsir etmək imkanından kənarda qaldı. Düzdür, 2008`də o, prezident seçkisinin ikinci turuna çıxdı, amma yenə də, saxtakarlığa etiraz edərək, ikinci tura qatılmadı. Düşünürdü ki, dünya bu qərarı dəstəkləyəcək. Bu baş vermədi və o, siyasi səhnədən getdi.

1997`ci ildə Kamerunda üç əsas siyasi partiya prezident seçkilərini boykot etdi, baxmayaraq ki, əvvəlki parlament seçkisində onlar 56 faiz səs toplamışdılar. Onlar prezidentə etiraz edərək boykot yolunu seçdilər və prezident Biya səslərin 92 faizini qazandı. İndiyədək hakimiyyətdədir, müxalifət isə tam marginallaşdı.

1997`ci ildə Serbiyadaiki əsas ik müxalifət partiyası nüfuza malik olsalar da, boykota əl atdılar. Slobodan Miloşeviçin partiyası rahatlıqla seçkini uddu və bir neçə ildən sonra ölkədə müharibə yenidən alovlandı. Xarici hərbi müdaxilə nəticəsində, hakimiyyət sonradan dəyişdi, bu iki partiyadan biri tam marginallaşdı, digərinin lideri isə baş nazir olan kimi onu sadəcə güllələyib öldürdülər.

1997`ci ildə Keniyanın sevilən müxalifət lideri Matiba prezident seçkilərini boykot etdi. Prezident Moi rahatca səsverməni uddu. Matiba isə özünə yeni partiya yaratdı, guya nə isə etməyə çalışdı. 10 il sonra prezident seçkilərinə qatılanda o, ancaq 7`ci yeri tutdu.

Əfqanıstanda, 2004`də Həmid Karzainin əsas rəqibi Əbdülsəttər Sirat 14 partiya ilə birgə boykot eləməyə çalışdı. Bundan istifadə edən Həmid Karzai seçkidə 55 faiz səs alıb onu rahat qazandı. Sirat siyasi səhnədən getdi. 2009`cu ildə Siratın səhvini Abdulla Abdulla təkrarladı: ikinci turda iştirakdan imtina edərək boykota getdi. 2014`cü ildə o, prezident seçkilərini yenə uduzdu. Düzdür, NATO koalisiyasının müharibə apardığı ölkədə milli birlik naminə onun üçün baş nazir vəzifəsi təsis edildi, amma onun siyasi gələcəyi dumanlıdır.

Boykot həm də hakimiyyəti gücləndirir

Boykot müxalifət partiyalarını zəiflətməkdən başqa, həm də hakimiyyətdəki rejimi də gücləndirir.

Məsələn, müxalifətin 2004-2005`dəki seçkiləri boykot etməsi Venezuelada Hugo Chavez`ə hakimiyyəti tamamilə mənimsəməyə imkan verdi. Onun partiyası 22 vilayətdən 20`də hakimiyyəti ələ keçirdi. Müxaifətin sonra parlament seçkisini boykot etməsi isə, ona imkan verdi ki, prezidentin dəfələrlə vəzifəyə seçilməsi üçün konstitusion maneəni aradan qaldırsın. Adam xəstələnib ölməsə idi, indiyədək hakimiyyətdə idi.

2002`ci ildə Toqoda müxalifət parlament seçkilərini boykot etdi. Hakim partiya yerlərin 90 faizini götürdü. Nəticə etibarı ilə, prezident səlahiyyətlərinin iki müddətdən çox icra edilməsinə mövcud olan qadağanı da hakim partiya rahatca aradan götürdü. Sonra isə prezident hakimiyyəti öz oğluna ötürdü.

Oxşar hadisələr 1992`ci ildə Peru və Efiopiyada baş verdi, çünki orada da müxalifət könüllü olaraq parlamentdə yer almaqdan imina etdi.
Boykot başqa siyasi qüvvələrə yol açır

1992`ci ildə Livanda aparıcı xristian siyasi partiya parlament seçkilərini boykot elədi. Səbəb kimi Suriyanın müdaxiləsini göstərdilər. Bu boykot səbəbilə, Hizballah partiyası ilk dəfə 128 yerdən 16`sını qazandı və sonra siyasi məkanda öz yerini daha da möhkəmlətdi.

1993`cü ildə Pakistanda 217 parlament yerindən 15`nə sahib olan bir partiya ordu tərəfindən sıxışdırmalara etiraz edərək boykot yolunu seçdi. Bu, imkan verdi ki, onları sıxışdıran Benazir Bhutto`nun partiyası parlamentdə mütləq əksəriyyət qazansın, Bhutto baş nazir seçilsin və onları daha da sıxışdırsın.

2005`ci ildə Sünnü siyasi partiyalar İraq parlament seçkilərini boykot etmələrini indiyədək pis yuxu kimi xatırlayırlar. 275 yerdən ancaq beşini qazananda onlar səhvini tezliklə anladılar və həmin ilin sonundakı əlavə seçkilərə qatılıb daha 50 yer götürdülər.

Bəzən boykot təhdidi nə isə verə bilər, amma bütün dünyanın diqqəti olan yerlərdə

Dünya ictimaiyyətinin diqqəti hər hansı ölkə üzərində fantastik dərəcədə cəmləşəndə, boykot təhdidi (amma sonrakı iştirak şərtilə) bəzən müəyyən nəticələr verir.

Məsələn, 1994`cü ildə Nelson Mandelanın əsas rəqibi Buthelezi Mandelanı boykotla və separatçı hərəkata başlamaqla hədələdi. Nəticədə o, öz azlığının yaşadığı vilayət üçün xırda imtiyazlar əldə etdi. Buthelezi seçkiyə qatılıb ölkə üzrə cəmi 6,2 faiz səs toplasa da, özünün əslən olduğu vilayətdə ən ciddi qüvvəyə çevrildi. Amma Mandelanın verdiyi imtiyazın xırdalığını önə çıxarıb boykota getsəydi, siyasi karyerası bitmişdi. Bu taktikanın nəticəsində sonralar o, Mandela ilə hətta müttəfiqə çevrildilər.

Boykot təhdidinin təsirli olduğu başqa nümunə də var. Bosniyada müsəlmanlar və xorvatlar dedilər ki, Karaciç seçkiyə qatılsa onlar səsverməyə getməyəcəklər. Onun çəkilməsinə nail oldular və seçkiyə getdilər.

Amma bütün bunlar aparteidə təzəcə son qoyulmuş, müharibədən NATO`nun müdaxiləsi ilə təzəcə çıxmış bir şəraitdə dünyanın diqqəti tam cəmləşdiyi nöqtələrdə baş vermişdi.

Xarici pula möhtəc olan bəzi ölkələrdə də bu mümkündür. 1997`ci ildəki hərbi çevrilişdən sonra Kambocada keçirilən seçkidə müxalifət tələb etdi ki, ya Norodom Rinarridh seçkiyə buraxılacaq, ya da müxalifət səsverməni boykot edəcək. Prezident Hun Sen onun iştirakına icazə verdi, çünki hərbi çevriliş və soyqırım yaşayaraq təzəcə qurtulmuş bu yoxsul ölkənin Beynəlxalq Valyuta Fondundan və Dünya Bankından alacağı vəsait də eyni səbəbə gecikdirilirdi.

Azərbaycan dünya ictimai maraqlarının qətiyyən diqqət mərkəzində deyil, üstəgəl Azərbaycan elə də yoxsul ölkə deyil. Bu şəraitdə, aşırı boykot təhdidi və maddi həvəsləndirmə işə heç yaramır.

Uğurlu boykotun şərti

Matthew`nun araşdırdığı 171 boykot və təhdid təcrübəsindən 3-4 faizi hansısa nailiyyətlə nəticələnmişdir.

1996`cı ilin Başqladeşində seçki vaxtı insanlar yüzminlərlə sayda küçələrə axışdı, ölkə iqtisadiyyatı dayandı, və parlament seçkiləri yenidən keçirildi. Nəticədə, müxalifət 147 yer aldı, hakim partiya isə 117.

2000-2001`ci illərin Perusunda, ikinci tura çıxmış Alejandro Toledo ikinci turu boykot elədi və altı ay küçə-meydan dirənişi göstərdi. Amerika Dövlətləri Təşkilatı ona bu işdə tam dəstək durdu. Nəticə etibarı ilə, Toledo qələbə çaldı. Yeri gəlmişkən, Toledo ilə təsadüfən 2001`ci ilin mayında Washingtonda eyni tədbirdə salamlaşdığımızı xatırlayıram, 2007`ci ildə isə Kiyevdə onunla bir şəkil də çəkdirdim.

2006-2007`ci illərin Tailandında, erkən parament seçkilərini müxalifət boykot edərək, seçki vaxtı yüz minlərlə insanı küçəyə səfərbər etdi. Nəticədə, seçkilər yenidə təyin olundu.

Azərbaycan təcrübəsi

2008`ci il prezident seçkilərində Azərbaycan müxalifətinin də boykot yolunu seçməsi, nəticədə İlham Əliyevin inamlı qələbə qazanması və beynəlxalq səviyyədə tanınması da beynəlxalq araşdırmaçıların diqqətindən qaçmayıb.

10 il sonra da - 2018`ci ilin aprelində də Azərbaycanda nə isə dəyişmədi: Azərbaycan müxalifəti prezident seçkisini boykot edərək yenə düşünürdü ki, dünya İlham Əliyevin legitimliyini tanımayacaq. Nə oldu? Seçkidən sonrakı ilk dörd ay ərzində - maydan avqustadək - İlham Əliyev Britaniya baş naziri, İtaliya prezidenti, Fransa prezidenti, Almaniya kansleri və Avropa Birliyinin Şura prezidenti ilə səfərdə ya da Bakıda təntənəli şəkildə görüşdü və tanındı.

Azərbaycan müxalifəti prezident seçkilərini hər beş ildən bir boykot edir. 1998 - boykot, 2003 - iştirak, 2008 - boykot, 2013 - iştirak, 2018 - boykot. Heç biri nəticə verməyib - bunun səbəbi çoxdur, ikisi: 1) yuxarıda göstərdiyim alimlərdən birinin dediyinə zidd olaraq, müxalifət, seçkinin texniki və siyasi məsələlərini bir-birindən ayıra bilməyib; 2) yuxarıda göstərdiyim alimlərdən digərinin dediyi kimi, müxalifət liderləri hakimiyyəti ayaqda saxlayan hər hansı prosesə qarşı etiraza daha çox enerji və vaxt sərf edirdilər, nəinki seçkidə qalib gəlməyə.

Öz fikrim də belədir ki, Azərbaycanda müxalifət seçkiyə daim prosedurların bir-birinə nisbəti kimi baxıb, halbuki seçki ilk növbədə siyasi güclərin bir-birinə nisbətini əhatə edir.

2005`də parlamentin özünün Azəraycanda boykotu yuxarıda göstərdiyim Venezuela təcrübəsini tamamilə təkrarlayır: müxalifətin parlamentdə yoxluğundan yararlanaraq 2009`cu ildə həm Azərbaycanda, həm də Venezuelada boykotlanmış referendum quruldu və prezidentin dəfələrlə vəzifəyə seçilməsinə mövcud olan məhdudiyyət aradan götürüldü.

2002`ci ildəki referendumun müxalifət tərəfindən Azəraycanda boykot edilməsi isə, bizə və yuxarıda göstərdiyim Toqoya eyni təcrübəni yaşatdı. Toqoda müxalifət parlament seçkilərini boykot etdi, bizdə isə referendumu. Nəticə etibarı ilə, 2003`də bizdə, 2005`də isə Toqoda prezident, öz hakimiyyətini yetərincə rahat şəkildə öz oğluna ötürdü.

2015 parlament seçkilərinin boykotu isə Azərbaycanda yenə müxalifətsiz parlament şəraiti yaradaraq, 2016`cı ildə daha bir referendumda maneəsiz şəkildə vitse-prezident vəzifəsinin təsisinə yol açdı və ailə daxilində daha bir hakimiyyət ötürmə əməliyyatı üçün zəmin təmin etdi. Yeri gəlmişkən, 2016`cı ilin referendumunu da Azərbaycan müxalifəti boykot etmişdi.

REAL üçün gördüyüm nəticələr

Akademik araşdırmaların göstərdiyi kimi, bəzən boykot təhdidi müəyyən və məhdud nəticələr verə bilər. Odur ki, indiyədək boykot etmə ehtimalı haqqında dediklərimiz düzgündür: ATƏT`in DTİHB müşahidəçiləri qarşıdakı parlament seçkilərinə buraxılmasa və seçki qanunvericiliyi pisləşsə, biz seçkidə iştirak etməyəcəyik. Seçki strategiyamızda boykota apara biləcək bəzi başqa şərtlər də var, amma o şərtlər üzərində indi durmadan işləyirik ki, o şərtlər işimizi əngəlləməsin. Bütün digər hallarda seçkiyə qatılmaq və qalib gəlmək həm siyasi vəzifəmizdir, həm də akademik səviyyədə isbatlanmış zərurətdir.

Boykot təhdidinə aşırı yol vermək isə o deməkdir ki, seçkini ictimaiyyətin gözündən uzun müddət və davamlı şəkildə salırsan və hətta sənin təhdidinin nəticə verdiyi təqdirdə seçkiyə gedəsi olsan, səsvermədə iştiraka və səslərin qorunmasına ictimai inam qələbə üçün yetərli olmur. Odur ki, seçki səfərbərliyi və səsqoruma qaydasında əməli kütləvi iştirakçılığın dəyişiklik üçün yeganə yol olması haqda apardığımız təşviqat tam əsaslıdır.
________________________________________
(1*) Matthew Frankel. Threaten but Participate: Why Election Boycotts Are a Bad Idea. Foreign Policy at Brookings. Policy paper No. 19, March 2010.
(2*) “Building Democratic Institutions: Party Systems in Latin America” Stanford University Press, 1995, səhifə 23.
(3*) Lindberg, S. 2006. Tragic Protest: Why Do Opposition Parties Boycott Elections? In A. Schedler (Ed.) Electoral authoritarianism: The dynamics of unfree competition (səhifələr 203-223): Lynne Reinner Publishers. Səhifə 160
(4*) Pastor, Robert. The role of electoral administration in democratic transitions. Democratization 6(4): 1-27
(5*) Beaulieu, EA. 2006. Protesting the Contest: Election Boycotts around the World, 1990-2002. PhD diss,. University of San Diego. Səhifə 212
(6*) Beaulieu, Emily and Susan D. Hyde. 2008. In the Shadow of Democracy Promotion: Strategic Manipulation, International Observers, and Election Boycotts.
(7*) Matthew Frankel. Threaten but Participate: Why Election Boycotts Are a Bad Idea. Foreign Policy at Brookings. Policy paper No. 19, March 2010.
(8*) Kelley, Judith. 2012. Do International election monitors increase or decrease opposition boycotts? Comparative Political Studies 45(7)
(9*) Buttorf, Gail. Undated. Why do Opposition Parties Boycott Elections? Səhifə 2

az

Previous post Next post
Up