Kuba raket böhranı

Nov 09, 2024 23:18


İkinci dünya müharibəsinin sonlarında almanlar ilk ballistik raket hazırladılar. İntiqam silahı (Vergeltungswaffe-2) adlanan bu raketə qısaca V-2 deyilirdi. Bizə isə rus dilindən keçən Fau-2 adı ilə daha çox tanışdır.

Raketlərdən hərbi məqsədlə 1944-cü ilin sentyabrın 6-dan 1945-ci ilin martın 27-ə kimi istifadə olundu. Amma Hitlerin bu silaha bəslədiyi böyük ümid doğrulmadı. İnqilabi yenilik olsa da, hələ təkmil deyildi. Yarısı hədəfə çatmadan sıradan çıxırdı. Çatanlar da dəqiqliyi ilə seçilmirdilər. Bir çox hallarda Londonun özünə deyil, kənarına düşürdülər. İngiltərə paytaxtına istiqamətlənən 2000 raket 2700 civarında insan itkisinə səbəb olmuşdu. Yəni 120 min markaya başa gələn hər raket orta hesabla 1,35 adam öldürdü.

Müharibənin sonlarında xeyli sayda V-2 raketləri, mütəxəssislər, texniki sənədlər sovetlərin və amerikalıların əlinə keçdi. Raketin yaradıcısı Verner fon Braun ABŞ-a aparıldı. Sonralar sovet və Amerika raket istehsalı məhz V-2 təcrübəsi əsasında quruldu. Bu həm hərbi, həm də kosmik raketlərə aiddir. Təbii, texniki-taktiki xüsusiyyətləri get-gedə təkmilləşdirildi.

SSRİ-də raketlərin aktuallığını daha tez anladılar və artıq 1950-ci ildə R-1 raketi orduya təhvil verildi. Amerikalılar raketlərə diqqət ayırmaqda gecikdilər və yalnız 1958-ci ildə PGM-11 raketi istifadəyə verildi. Onu demək olar, tamamilə alman mühəndislər hazırladı.



Tezliklə aydın oldu ki, raketlər nüvə silahının ən optimal daşıyıcılarıdır. Buna görə də Qərb və Şərq arasındakı Soyuq müharibə zamanı raket istehsalı, kəmiyyəti və keyfiyyəti ən çox diqqət verilən sahə oldu. Raketlər üç hissəyə bölünürdülər: qitələrarası, strateji və taktiki. Amma daha çox uçuş məsafəsinə görə səciyyələndirilməsi populyardır: uzaq mənzilli, orta mənzilli və qısa mənzilli raketlər.

***

1957-ci ilə SSRİ “Sputnik-1” adlı Yerin ilk süni peykini orbitə buraxdı. Moskvanın bu uğuru Vaşinqtonda ciddi narahatlıq doğurdu. “Raket geriliyi” mövzusu yaxınlaşan prezident seçkiləri ərəfəsində iqtidar-müxalifət diskussiyasının əsas mövzularından biri oldu.

Əl-ayağa düşən amerikalılar artıq 1959-cu ildə “SM-65 Atlas” adlı ilk qitələrarası ballistik raketi (QBR) istifadəyə verdilər. Sovetin ilk QBR-i isə 1960-cı ildə orduya qəbul edilən R-7 oldu. Hər ikisi QBR olsa da, texniki-taktiki xüsusiyyətlərinə görə R-7 “Atlas”dan xeyli geri qalırdı. Üstəlik, R-7 xeyli baha başa gəlirdi və sovet iqtisadiyyatı onun kütləvi istehsalının öhdəsindən gəlməyə qadir deyildi. Buna görə də R-7 hələ istifadəyə qəbul olunmamış, 1959-cu il mayın 13-də Dnepropetrovskda yerləşən “Yujnoye” konstruktor bürosuna yeni QBR (R-16) üzərində işləmək tapşırıldı.

Amma o zaman SSRİ-də kəşfiyyat imkanları zəif olan ABŞ-ın sovet raketlərinin nə bu texniki geriliyindən, nə sayından xəbəri vardı. Onları xüsusən R-7 narahat edirdi. Çünki ABŞ ərazisini vura biləcək yeganə sovet raketi o idi. Amma məlumat əldə edə bilmirdilər. Məchulluq isə qorxunu böyüdür.

Üstəlik, Xruşşov blefi yaxşı bacarırdı. Gah “Raket istehsalında bütün başqa ölkələri qabaqlayırıq”, gah “Bütün potensial düşmənlərimizi yer üzündən siləcək qədər nüvə potensialımız var”, gah da “Raketləri sosiska kimi buraxırıq” deməklə amerikalıların kürkünə birə salırdı.

Xruşşovun blefi SSRİ-də bir lətifənin yaranmasına səbəb olmuşdu.

- Xruşşov “raketləri sosiska kimi buraxırıq” deyəndə, SSRİ-də döyüş növbəsində cəmi dörd qitələrarası raket vardı.

- Bəs sosika neçə dənə idi?

***

1960-cı il prezident seçkilərində qalib gələn Con Kennedi ABŞ-ın SSRİ-dən “raket geriliyi”ni aradan qaldırmaq üçün ciddi planlar qururdu. Amma çox tezliklə aydın oldu ki, xüsusi canfəşanlığa ehtiyac yoxdur. Çünki raketlərin sayında və keyfiyyətində nəinki gerilik yoxdur, əksinə 10-15 qat üstünlük var.

Amerikalılar bunu çatışmayan cəhətlərini - kəşfiyyat boşluğunu - aradan qaldırmaqla öyrənmişdilər: SSRİ Baş Kəşfiyyat İdarəsinin (QRU) polkovniki Oleq Penkovski həmin dövrdə amerikalıların xeyrinə casusluğa başladı və sovet raketləri, o cümlədən, QBR ilə bağlı bütün məlumatları onlara ötürdü. Bu, 1961-ci ilin yayında kəskinləşən Berlin böhranı zamanı Vaşinqtona özünü daha inamlı hiss etməyə, Moskvanın şantajından qorxmamağa imkan verdi.

Berlin Soyuq müharibənin episentri sayılırdı. İkinci dünya müharibəsindən sonra şəhər dörd işğal zonasına bölündü. Kommunistlərin hakimiyyətdə olduğu Almaniya Demokratik Respublikası (Şərqi Almaniya) yarananda SSRİ özünün işğal zonasını bu dövlətə verdi və Şərqi Berlin ADR-in paytaxtı oldu.

1958-ci il noyabrın 27-də sovet hökuməti ABŞ, Britaniya və Fransaya nota verərək Qərbi Berlini tərk etmələrini istədi. Şərqi Almaniyanın daxilində anklav vəziyyətdə olan Qərbi Berlindən Qərb qoşunlarının çıxması buranın müdafiəsiz qalması demək idi. Moskva Qərbi Berlinin heç bir dövlətə daxil olmayan azad şəhər statusunun olacağını desə də, buna təminat yox idi.

Xruşşov 44 yaşlı Kennedini sələfi Ayzenhauerdən təcrübəsiz və qətiyyətsiz hesab etdiyindən 1961-ci ilin yayında təzyiqini artırdı. Penkovskinin məlumatları olmadan Kennedi necə davranardı, söyləmək çətindir, amma indi sovet liderinin hədə-qorxusuna aldanmadı. Gərginlik oktyabrın sonlarında “Çarli” nəzarət-buraxılış məntəqəsində dinc tank qarşıdurması ilə qansız-qadasız başa çatdı. Bu böhrandan yadigar qalan isə Soyuq müharibənin rəmzinə çevriləcək Berlin divarı oldu.

***

ABŞ-ın SSRİ-dən nüvə üstünlüyü təkcə QBR-lərin sayına və keyfiyyətinə görə deyildi. Onun nüvə bombası daşıya biləcək strateji bombardmançı təyyarələri, nüvə başlıqlı raketlərə malik sualtı qayıqları da sovetinkindən çox idi. Üstəlik, NATO üzvü olan Avropa ölkələrindəki bazalardan və sıçrayış aerodromlarından qalxan taktiki bombardmançılar da SSRİ-ni nüvə bombardmanına məruz qoya bilərdi. SSRİ-nin isə ABŞ-a qarşı belə imkanı yox idi.

Bundan əlavə, ABŞ 1961-ci ildə İtaliyada 30, Türkiyədə 15 ədəd orta mənzilli “Yupiter” raketləri yerləşdirdi. 2400 km uçuş məsafəsi olan bu raketlər də SSRİ üçün təhlükə təşkil edirdilər. İzmirdə yerləşdirilən raketlərlə Moskvanın özünü də vurmaq mümkün idi.

1957-ci ilin dekabrında Parisdə NATO-nun ilk sammiti keçirildi. Tədbirin gündəliyindəki məsələlərdən biri də üzv-dövlətlərin ərazisində nüvə silahının yerləşdirilməsi idi. Üzvlərin çoxu bundan imtina etdi, razılıq verənlər arasında Adnan Menderesin rəhbərlik etdiyi Türkiyə hökuməti vardı. 1959-cu ildə tərəflər arasında müvafiq müqavilə imzalandı. Raketlər 1961-ci ildə, Menderesin devrilməsindən və edamından sonra gətirildi. Amma bu və digər faktlar çağdaş Türkiyədə Menderesi antiamerikançı kimi təqdim etməyə mane olmur.

Belə bir dispariteti aradan qaldırmaq üçün SSRİ-nin iki yolu vardı. Birincisi, QBR-lərin say və keyfiyyət geriliyini aradan qaldırmaq: bu, vaxt və maliyyə tələb edirdi. İkincisi, xeyli sayda malik olduğu orta mənzilli raketlərin bir qismini ABŞ ərazisini təhdid edəcək yerdə yerləşdirmək: Xruşşovun təbirincə, amerikalıların şalvarına kirpi buraxmaq. Sovet lideri ikinci yola üstünlük verdi və nəzərini Kubaya yönəltdi.

***

İspaniyadan müstəqillik qazanandan bəri Kuba üzərində ABŞ-ın ciddi təsiri vardı. Bu təsir, 1940-1944-cü illərdə prezident olan Fulxensio Batistanın 1952-ci ildə hərbi çevriliş nəticəsində hakimiyyətə qayıtmasından sonra  daha gücləndi. “Kuba ABŞ-ın daha bir ştatı idi” demək haqsızlıq olar, çünki ABŞ-ın federal hökuməti heç öz ştatlarında bu qədər hökmə malik deyildi.

1956-cı ilin sonlarında Kubada Fidel Kastronun rəhbərlik etdiyi partizan hərəkatı başladı. Əvvəlcə bir neçə nəfərdən ibarət olan partizanlar əhalinin və üzərilərinə göndərilən əsgərlərin onların tərəfinə keçməsi nəticəsində saylarını artırdılar və rejim üçün ciddi təhlükəyə çevrildilər. Vaşinqton, daxili ictimai rəyin təzyiqi nəticəsində 1958-ci ilin martında Batistaya silah satışını dayandırdı, hərçənd, Havanadakı səfir buna etiraz edirdi. Bu embarqo rejimin müqavimət imkanlarını sarsıtdı.

Partizan hərəkatı 1959-cu il yanvarın 1-də qalib gəldi. Batista ölkədən qaçdı, yeni hökumət quruldu. Vaşinqton buna əvvəlcə loyal yanaşdı, yeni hökuməti tanıdı. Baş nazir vəzifəsini tutan Kastro ilk xarici səfərini həmin ilin aprelində ABŞ-a etdi, vitse-prezident Riçard Niksonla görüşdü.

Amma yeni Kuba hökumətinin həyata keçirdiyi islahatlar, xüsusən də milliləşdirmə ABŞ-ın maraqlarına toxunmağa başladı, çünki buradakı torpaq sahələrinin xeylisi, sənaye və xidmət müəssisələrinin isə əksəriyyətinin sahibi amerikalılar idi. Nəticədə münasibətlər get-gedə pisləşdi. ABŞ Kubaya ticarət embarqosu tətbiq etdi, prezident Ayzenhauer Mərkəzi Kəşfiyyat İdarəsinə (CIA) Kastronu devirmək üçün əməliyyat hazırlamağı tapşırdı.

1961-ci ilin yanvarında Ağ evi tərk etmək üzrə olan Ayzenhauer administrasiyası Kuba ilə diplomatik əlaqələri kəsdi. Apreldə Koçinos körfəzi əməliyyatı keçirildi. ABŞ-ın silahlandırdığı - o cümlədən tank, zirehli maşın və minaatanlarla - 1500-ə qədər kubalı mühacir ABŞ gəmilərinin köməyi ilə Koçinos körfəzində sahilə çıxaraq Kastro rejiminə qarşı partizan müharibəsinə başlamağa cəhd etdi, amma hökumət qüvvələri tərəfindən darmadağın edildilər. Bu uğursuzluq 1953-cü ildən CIA direktoru olan Allen Dallesin istefasına səbəb oldu. Onu Con Makkoun əvəz etdi.

Qardaşı Rauldan, dostu Çe Gevaradan fərqli olaraq, Fidel Kastro kommunist deyildi və özünü belə təqdim etmirdi. Amma ABŞ-ın təzyiqinə duruş gətirmək üçün SSRİ-nin köməyinə ehtiyacı vardı. Buna görə 1961-ci ilin mayında özünün kommunist, hədəfinin də sosializm olduğunu elan etdi.

SSRİ Kuba ilə Batista dövründə pozulan diplomatik əlaqələri bərpa etsə də, ABŞ embarqosunu yumşaltmaq üçün ticarət münasibətlərini genişləndirsə də, bir qədər ehtiyatlı mövqe tutur, iqtisadi əməkdaşlıqla yanaşı hərbi əməkdaşlığa tələsmirdi. Yalnız Koçinos hadisəsi və Kastronun sosializm quruculuğu elanı Moskvanı ürəkləndirdi.

1962-ci ilin mayında Xruşşov Bolqarıstana səfər etdi. Xatirələrində yazdığına görə, səfər zamanı daim iki sual üzərində düşünürmüş: Kubanı necə qoruyaq və ABŞ-ın raket təhlükəsindən özümüz necə qorunaq. “Və mən düşündüm: bəs biz Kuba rəhbərliyi ilə razılığa gəlib orada özümüzün nüvə başlıqlı raketlərimizi yerləşdirsək, necə olar? Amma gizlicə, ABŞ-ın xəbəri olmadan”. Xruşşov daha sonra yazır ki, əgər gizli edilməzdisə, bizim raketlər Kubaya çatmamış ABŞ bir bəhanə ilə oraya müdaxilə edəcəkdi.

1962-1968-ci illərdə SSRİ-nin Kubadakı səfiri olmuş Aleksandr Alekseyev yazır ki, Xruşşov noyabrın 6-da keçiriləcək aralıq Konqres seçkilərinə qədər gizliliyin qorunmasını xüsusilə mühüm sayırdı: seçkiləri uduzmaq əndişəsi Kennedini radikal addımlara sövq edə bilərdi, seçkilərdən sonra isə mövcud faktı qəbul edəcəkdi.

Moskvaya qayıdan Xruşşov məsələni Kommunist partiyası MK-nin Rəyasət heyətinin müzakirəsinə çıxarır. Bütün üzvlər təklifi dəstəkləyirlər, yalnız Anastas Mikoyan tərəddüdünü bildirir. Mayın 28-də sovet nümayəndələri Kubaya yola düşür. Strateji Təyinatlı Raket Qoşunlarının baş komandanı marşal Sergey Biryuzovun və başqa ali rütbəli hərbçilərin daxil olduğu heyətə Özbəkistanın partiya rəhbəri Şərəf Rəşidov başçılıq edirdi. Generalların saxta adlarla təmsil olunduğu heyət, rəsmi məlumata görə, kənd təsərrüfatı sahəsində əməkdaşlığı müzakirə edəcəkdi. Rəşidov da məhz bu səbəbdən formal rəhbər idi.

Fidel Kastro raket təklifini bəyəndi, bəzi mənbələrə görə, dərhal, digərlərinə görə, müəyyən tərəddüddən və yoldaşları ilə məsləhətləşmədən sonra. İyunda Raul Kastro Moskvaya gəldi, Xruşşovla, müdafiə naziri Malinovski və Biryuzovla danışıqlar apardı. Razılıq layihəsi əldə olundu və Raul sənədi qardaşına apardı.

***

Artıq iyunun 20-də Kubada Sovet Qoşunları Qrupu (QSVK) formalaşdı. Qrupa daxil idi:

- Strateji təyinatlı raket qoşunlarının xüsusi yaradılmış 51-ci diviziyası (üç R-12 və iki R-14 alayı);

- Dörd əlahiddə motoatıcı alay (hər birində 2500 nəfər);

- İki tank batalyonu (T-55 tankları ilə);

- 42 ədəd İl-28 bombardmançı təyyarələri;

- 144 ədəd S-75 raketinə malik 12 zenit-raket qurğusu;

- Qırıcı aviasiya alayı (40 ədəd MiQ-21 təyyarəsi)

- Əlahiddə helikopter alayı (33 ədəd Mi-4 helikopteri)

- FKR-1 qanadlı “yer-yer” raketlərinin iki alayı (hər birində 8 start qurğusu).

- 51-ci əlahiddə sahil raket alayı (“Sopka” raket kompleksləri);

- 12 “Luna” taktiki raketləri;

- Müxtəlif tipli 26 gəmi.

Göndəriləcək sursat arasında R-12 və R-14 üçün strateji nüvə başlıqları, FKR üçün taktiki nüvə başlıqları və İl-28 üçün nüvə aviabombaları vardı. QSVK-nin nüvə potensialı 70 meqatona bərabər idi (Xirosima və Naqasakiyə atılan iki bombanın partlayış gücü 36 kiloton olub).  Canlı qüvvənin sayı 51 min nəfər idi. İyunun əvvəllərində Novoçerkassk etirazlarını qana boğmaqla “fərqlənmiş” ordu generalı İssa Pliyev iyulun 7-də QSVK-nin komandanı təyin olundu və kod adı “Anadır” olan logistik əməliyyat başladı.

Əməliyyat məxfi şəkildə həyata keçiriləcəkdi. Elə ona verilən ad da rəqibi çaşdırmaq üçün idi. Anadır SSRİ-nin şimal-şərq ucqarında, Çukotkada axan çayın adıdır. Bu adın verilməsi əməliyyatın sanki şimalla əlaqəsinə işarə edirdi. Gəmilərə minən şəxsi heyətə də qış geyimi, xizək, xizək çəkmələri və s. kamuflyaj verilirdi.

Kubada raketlər yerləşdirmək niyyətinin adekvatlığı və sonra baş verən böhrandan kimin qalib, kimin məğlub çıxması haqda çox mübahisə etmək olar. Amma “Anadır” əməliyyatının sovet hərb tarixinin uğurlu səhifələrindən biri olması etiraf edilməlidir. Bu, xüsusən ona görə təəccüblüdür ki, logistika heç zaman Rusiya (sovet) hərbisinin üstün cəhəti olmayıb.

Silah-sursatın və canlı qüvvənin Kubaya aparılması mülki gəmilərə tapşırıldı. Hesablamalara görə, hər biri 2-3 reys edəcək 70-80 gəmi lazım idi. Bunu təşkil etmək isə asan deyildi. Çünki gəmilərin öncədən imzalanmış müqavilələri, götürdükləri öhdəliklər var. Amma Dəniz donanması nazirliyi tələsik xarici gəmilərlə müqavilə bağlayıb sovet gəmilərini əməliyyat üçün azad etməyi bacardı.

Gəmilər dörd şimal (Kronştadt, Liepaya, Baltiysk, Murmansk) və dörd cənub (Sevastopol, Feodosiya, Nikolayev, Poti) limanlarından yola düşürdülər. Kapitanlar hara gedəcəklər bilmirdilər. Məsələn, Qara dəniz limanlarından yola düşən gəmilərin kapitanlarına möhürlü üç paket verilmişdi və onları gəmidəki Dövlət Təhlükəsizlik Xidmətinin (KQB) nümayəndəsinin yanında açmaq tapşırılmışdı.

Birinci paket SSRİ ərazi sularını tərk edəndən sonra açılmalı idi. Orada yazılırdı: “İkinci paketi Dardaneli keçəndən sonra açın”. İkinci paketdə yazılırdı: “Üçüncü paketi Cəbəlüttariqi keçəndən sonra açın”. Nəhayət, üçüncü paketdə “Kubaya istiqamət alın” yazılırdı.

Hərbi yüklər (kamuflyaj üçün qeyri-hərbi yüklər də vardı, kənd təsərrüfatı texnikası və s.) və canlı qüvvə gəmilərə gecə yüklənir, gecə boşaldılırdı. Yolboyu da kamuflyaj qaydalarına ciddi riayət olunurdu. Şəxsi heyətə mülki geyim verilsə də, günün işıqlı vaxtı göyərtəyə çıxmaq qadağan idi. Onlar gəminin aşağı mərtəbələrində qalmalı idilər. Qara dənizdən yola düşənlər kəskin istidən, şimal dənizlərindən yola düşənlər də yırğalanma üzündən dəniz xəstəliyindən əziyyət çəkirdilər. Yeşiklərə yerləşdirilən silah-sursatın üzərindən dəmir təbəqə çəkilmişdi ki, infraqırmızı şüa vasitəsilə görünməsinlər.

“Anadır” əməliyyatı üçün 85 gəmi ayrılmışdı. Onlar iyul-oktyabr aylarında Kubaya və geriyə 183 reys etdilər. Əlbəttə, bu gəmi qafiləsinin NATO ölkələrinin nəzərindən yayınması mümkün deyildi. Xüsusən ABŞ gəmiləri onları müşayiət edir, təyyarələr və helikopterlər aşağı hündürlükdə üzərilərindən uçurdular. Amma müəyyən şübhələri yaransa da, heç bir sübut əldə edə bilmədilər.

Əsas yükün, yəni raketlərin birinci partiyası Kubaya sentyabrın 8-də, ikincisi 16-da gəldi. Cəmi 40 raket vardı - 24 ədəd R-12 və 16 ədəd R-14 (bəzən 42 raket yazılır və bu zaman R-14-lərin sayı 18 göstərilir). Birincilərin maksimum uçuş radiusu 2080 km, ikincilərinki isə 4500 km idi. Bu o demək idi ki, Alyaska, Vaşinqton və Oreqon ştatları istisna olmaqla ABŞ-ın bütün kontinental ərazisini Kubadan vurmaq olardı.

“Anadır” əməliyyatı nə qədər mükəmməl keçsə də, son nəticədə uğursuzluğa məhkum idi. Əgər ölkənin eni ən geniş yerdə cəmi 210 kilometrdirsə, cəngəllikləri yoxdursa, düşmənin isə U-2 kimi kəşfiyyat təyyarəsi varsa, orada bu qədər silah-sursatı, canlı qüvvəni gizlətmək mümkün deyil.

Oktyabrın 14-də Riçard Heyzerin idarə etdiyi U-2 kəşfiyyat təyyarəsi Kubanın hava məkanına daxil olaraq cənubdan şimala 12 dəqiqə uçdu və bu müddət ərzində 928 şəkil çəkdi. Ertəsi gün şəkillər Fotoşəkillərin interpretasiyası milli mərkəzinə verildi. Buranın aparıcı əməkdaşı Dino Bruconi şəkillərdə sovet raketlərini gördü. Oktyabrın 16-da səhər milli təhlükəsizlik üzrə müşavir Makcorc Bandi prezident Con Kennediyə xəbər verdi: Kubada sovet raketləri var.



***

Əslində, amerikalılar daha əvvəl də bəzi şeylərdən şübhələnmişdilər və bu, təkcə gəmi qafiləsi deyildi. Hələ iyulda kəşfiyyat təyyarəsi Kubada bir neçə futbol meydançasının şəklini çəkdi. Bu, xeyli sayda sovet vətəndaşının, güman ki, hərbçilərin adada olması demək idi. Çünki “Cubans play baseball, Russians play soccer” (kubalılar beysbol oynayır, ruslar futbol oynayır).

Kubanın özündən də informasiya gəlirdi və adaya sovet hərbi təyyarələrinin gətirildiyi xəbər verilirdi. Növbəti kəşfiyyat uçuşu adada “S-75 Dvina” “yer-hava” raketlərinin təsbit etdi. CIA direktoru Con Makkoun avqustun 10-da prezident Kennediyə göndərdiyi memorandumda qeyd edirdi ki, bu zenit raketlərinin Kubaya göndərilməsi yalnız ballistik raketləri qorumaq üçün ola bilər. O, öz əndişəsini avqustun 23-də prezidentlə şəxsi görüşündə yenidən ifadə etdi.

Sovetlərin Kubada fəallığı barədə məlumat respublikaçıların da qulağına çatdı. Avqustun 31-də senator Kennet Kitinq Senatda çıxış edərək Kubada sovet raket bazasının tikintisinin getdiyini söylədi və demokrat Kennedi administrasiyasını hərəkətsizlikdə qınadı.

Sovet tərəfi isə, xüsusən də Vaşinqtondakı səfir Anatoli Dobrınin, Kubada yalnız müdafiə xarakterli silahlar yerləşdirdiyini iddia edirdi. Həqiqətən də göndərilən silahların, o cümlədən, nüvə başlıqları daşıya biləcək taktiki silahların çoxu müdafiə xarakterli idi. Amma bunu R-12 və R-14 raketlərinə şamil etmək olmazdı. Zatən, əməliyyat o qədər məxfi idi ki, Dobrıninin bu raketlərdən heç xəbəri yoxdu.

Sovet İttifaqı Teleqraf Agentliyinin (TASS) sentyabrın 11-də yaydığı bəyanatda deyilirdi: “Sovet İttifaqı nüvə başlıqları üçün o qədər güclü raket daşıyıcılarına malikdir ki, onları yerləşdirməkdən ötrü Sovet İttifaqından kənarda yer axtarmağa ehtiyac yoxdur”. Bu, Xruşşovun qitələrarası raketlərin sosiska kimi istehsalı haqda blefinin təkrarı idi. Elə Xruşşov da Kennediyə göndərdiyi şəxsi məktubunda Kubada yalnız müdafiə silahlarının yerləşdirildiyini and-aman edirdi.

Sentyabrın 9-da Tayvana məxsus U-2 təyyarəsi Çin üzərində kəşfiyyat uçuşu həyata keçirərkən S-75 raketi ilə vuruldu. Həmin raketlərdən Kubada da olduğunu nəzərə alan Kennedi gərginliyi artırmamaq üçün ada üzərində  uçuşları qadağan etdi. Sentyabr boyu U-2 Kuba hava məkanına daxil olmadan,  ərazi sularına paralel uçaraq şəkillər çəkdi.

Kubadan isə müxtəlif xəbərlər gəlməkdə davam edirdi. Xüsusən gecələr daşınan, döngələrdən bir neçə cəhddən sonra dönən çox uzun və silindrik formalı, üstü brezentlə örtülmüş bir şeylər haqda məlumatlar narahatlıq doğururdu. Kennedi oktyabrın 9-da yenidən kəşfiyyat uçuşlarına icazə verdi və onların sayını artırdı. Əvvəl ayda iki dəfə hava kəşfiyyatı aparılırdısa, indi həftədə bir dəfə aparılması istənildi və missiya CIA-dan alınıb HHQ-nə verildi.

Sonrakı beş gün ərzində hava şəraiti əlverişsiz oldu. Oktyabrın 14-də baş tutan uçuş isə Kubada rusların orta mənzilli raketlərinin olduğunu aşkar etdi.

***

Prezident aldığı informasiyanı əvvəlcə qardaşı, baş prokuror Robert Kennedi ilə bölüşdü. Axşam isə Milli Təhlükəsizlik Şurasının iclası çağrıldı. Şuranın üzvü olmayan bəzi şəxslər də dəvət olundu. Müzakirələrdən sonra qəbul edilən birinci qərara görə, Kuba üzərində hər gün bir neçə kəşfiyyat uçuşu həyata keçiriləcəkdi.

İkinci qərara görə, yaranmış problemi həll etmək üçün Təhlükəsizlik Şurasının İcraiyyə komitəsi (The Executive Committee of the National Security Council; qısaca ExCOMM) yaradılırdı. Komitəyə Təhlükəsizlik Şurasının üzvü olan 9 nəfər (prezident Con Kennedi, vitse-prezident Lindon Conson, dövlət katibi Din Rask, müdafiə naziri Robert Maknamara, maliyyə naziri Duqlas Dillon, baş prokuror Robert Kennedi, milli təhlükəsizlik üzrə müşavir Makcorc Bandi, CIA direktoru Con Makkoun, Qərargah rəislərinin birləşmiş komitəsinin sədri general Maksvell Teylor) və daha 4 nəfər (dövlət katibinin müavini Corc Boll, müdafiə nazirinin müavini Rosuell Gilpatrik, SSRİ-dəki keçmiş səfir, sovetşünas Llevellin Tompson və 1949-1953-cü illərdə dövlət katibi olmuş Din Açeson) daxil idi.

Onlardan əlavə ExCOMM iclaslarında Ağ evin, Dövlət departamentinin, ordunun, kəşfiyyatın bir sıra əməkdaşları məsləhətçi kimi iştirak edirdilər. Prezident Kennedi danışıqları maqnitofona yazırdı. Komitə üzvlərindən heç kəsin - ola bilər, Robert Kennedi xaric - bundan xəbəri yoxdu. Sonralar bu audioyazılar tarixçilər üçün qiymətli mənbə oldu.

Oktyabrın 18-də Kennedi ABŞ-da səfərdə olan SSRİ xarici işlər naziri Andrey Qromıkonu və səfir Dobrınini qəbul etdi. Almaniya və Berlin məsələsinin müzakirəsindən sonra Qromıko Kuba mövzusuna gəldi. Nazir uzun nitq söyləyərək Kubaya münasibətinə görə ABŞ-ı xeyli qınadı.



“Kubaya sovet yardımına gəldikdə, həmin yardım yalnız Kubanın müdafiə qabiliyyətinə və onun kənd təsərrüfatının, torpaqlarının meliorasiyasının inkişafına töhfə verməyə yönəlib... sovet mütəxəssisləri Kuba vətəndaşlarına yalnız müdafiə xarakterli - müdafiə sözünü vurğulamaq istəyirəm - silahlarla davranmağı öyrədir və onlar Birləşmş Ştatlar üçün heç bir təhlükə törətmirlər. Əgər əksinə olsaydı, Sovet İttifaqı heç vaxt belə yardım göstərməyə razı olmazdı”, - Qromıko söylədi.

Bu qədər ağ yalanın müqabilində ayağa qalxıb stolun gözündən şəkilləri çıxarmaq və Qromıkoya göstərmək çox şirnikləndirici olmalı idi. Amma Kennedi hadisəyə necə reaksiya verəcəkləri barədə qərar qəbul etməmiş sovet tərəfini duyuq salmaq istəmədi və özü də yalan söyləyərək Moskvanın Kubada həqiqətən də müdafiə xarakterli silahlar yerləşdirdiyinə inandığını bildirdi.

Oktyabrın 17-19-da Kuba üzərində bir neçə kəşfiyyat uçuşu həyata keçirildi və adada orta mənzilli sovet raketlərinin mövcudluğu, artıq bəzi start qurğularının hazır vəziyyətdə olması haqda yeni sübutlar əldə edildi. ExCOMM-un oktyabrın 20-də keçirilən iclasında CIA-nın Kəşfiyyat direktoratının rəhbəri Rey Klayn bildirdi ki, şəkli çəkilən start qurğularının pelenqi 315 dərəcədir: bu da o deməkdir ki, Ştatların mərkəzi hissəsi hədəf alınıb.

İclasda problemin həllinin iki yolu müzakirə edildi: adanı blokadaya almaq və hava zərbələri endirməklə start qurğularını, İl-28 təyyarələrini sıradan çıxarmaq. Müdafiə naziri Robert Maknamara birincinin, general Teylor isə ikincinin əsas tərəfdarı idilər.

Blokada təklifinə qarşı əsas arqument ondan ibarət idi ki, dərhal effekt verməyəcək, Kubadakı bütün raketlər starta hazır vəziyyətə gətiriləcək və təhlükə böyüyəcəkdi. Təklifin tərəfdarları ümid edirdilər ki, nüvə başlıqları hələ Kubaya gətirilməyib (şəkillərdə yox idilər) və onlarsız isə raketlər böyük təhlükə sayılmazdılar.

General Teylor deyirdi ki, sovetlər gələcəkdə raketləri kamuflyaj etsələr, tapıb vurmaq çətin olacaq, ona görə də indi zərbə endirmək lazımdır. Bombardman variantının əsas mənfi tərəfi o idi ki, bütün start qurğularının və raketlərin məhv ediləcəyinə təminat yox idi. Məhv edilməyənlər ABŞ-a cavab zərbəsi endirəcəkdilər və haqlı görünəcəkdilər. Üstəlik, hücum zamanı sovet hərbçilərinin ölümü qaçılmaz olacaqdı, bu da Moskvanı bir başqa yerdə, ola bilər, Qərbi Berlində cavab zərbəsinə sövq edəcəkdi. Bütün bunların zəncirvari reaksiyasının nəticələrini hesablamaq isə mümkün deyildi.

Həmin iclasda Maknamara adada 6-8 min sovet hərbçisinin olduğunun təxmin edir. Əslində isə bundan xeyli çox idi. Nəzərdə tutulan 51 min hərbçidən 43 mini Kubaya aparılmışdı.

Beş saatdan çox sürən iclasda müxtəlif fikirlər səsləndi. ABŞ-ın BMT-dəki səfiri  Edlay Stivenson dedi ki, Kubadan raketlərin çıxarılması müqabilində Türkiyədən raketləri çıxarmaq, hətta Kuba adasındakı Quantanamo bazasını tərk etmək Moskvaya təklif edilsin. Prezident Quantanamo ilə bağlı fikri qəti rədd etdi. O, ABŞ-ın birinci nə isə təklif etməsini, ümumiyyətlə, doğru hesab etmirdi. Nəhayət, sonda blokada variantı seçildi.



ExCOMM-un oktyabrın 21-də, bazar günü keçirilən iclasında əsas müzakirə mövzusu prezident Kennedinin ertəsi gün xalqa edəcəyi müraciətin mətni oldu. Bundan əlavə, Kubaya tətbiq edilən blokadanın “karantin” adı ilə təqdim olunması məsləhət bilindi. Çünki blokada təcavüz aktı sayılırdı, halbuki, nə ABŞ-ın Türkiyədə, nə SSRİ-nin Kubada raket yerləşdirməsi de-yure təcavüz aktı deyildi. Üstəlik, blokada sözü SSRİ-nin 1948-1949-cu illərdə Qərbi Berlinə qarşı tətbiq etdiyi blokada ilə assosiasiya yaradardı.

İclasda həm də qərara alındı ki, karantin təkcə ABŞ-ın deyil, Amerika Dövlətləri Təşkilatının (OAS) qərarı ilə tətbiq edilsin və bunun üçün təşkilatın toplantısı çağrılsın. Bundan sonra da BMT Təhlükəsizlik Şurasının toplanması tələb edilsin.

***

Oktyabrın 22-də prezident Kennedi həyatda olan üç keçmiş prezidentə - Herbert Huverə, Harri Trumenə və Duayt Ayzenhauerə zəng edərək problemi danışdı, fikir mübadiləsi apardı. Daha sonra eyni şeyi Konqresin liderləri ilə etdi. NATO və digər yaxın ölkələrdəki ABŞ səfirləri həmin ölkələrin siyasi liderlərini hali etdilər.

Con Kennedi eyni zamanda Xruşşova məktub göndərdi. Qərb yarımkürəsini təhdid edən bu təhlükəni aradan qaldırmaqda Birləşmiş Ştatların qətiyyətli olduğu qeyd edilən məktubda deyilirdi: “Qeyd etmək istəyirəm ki, atdığımız addımlar yarımkürə ölkələrinin təhlükəsizliyinə təhdidi aradan qaldırmaq üçün minimum zəruri tədbirlərdir. Amma bu minimal cavab faktı sizin tərəfinizdən istənilən yanlış mülahizələr üçün əsas olmamalıdır”. Televiziya çıxışına bir saat qalmış dövlət katibi Din Rask çıxışın mətnini səfir Dobrıninə təqdim etdi.

Prezident Kennedi Vaşinqton vaxtı ilə saat 19:00-da televiziya ilə xalqa müraciət etdi. Kubada sovet raketlərinin yerləşdirildiyini xəbər verən prezident öz administrasiyasının cavab tədbirlərindən bəhs etdi. Bu tədbirlərin birinci bəndi belə idi:

“Bu hücumun qarşısını almaq üçün, Kubaya göndərilən bütün hücum silahlarına ciddi karantin tətbiq edilir. İstənilən ölkədən və limandan Kubaya gedən istənilən tip gəmidə hücum silahından ibarət yük aşkarlanarsa, geri qaytarılacaq. Ehtiyac yaranarsa, karantin başqa tip yüklərə və daşıyıcılara da şamil ediləcək. Amma indiki zamanda biz, sovetlər 1948-ci ildə Berlinin blokadası zamanı etdikləri kimi, gündəlik tələbat mallarını rədd etmirik”.

Çıxış “Bizim məqsədimiz - gücün qələbəsi yox, hüququn qorunmasıdır - azadlıq hesabına sülh yox, azadlıq və sülhdür: bu yarımkürədə və ümid edirəm, bütün dünyada. Tanrı kömək etsə, bu məqsədə çatacağıq” sözləri ilə bitirdi. Prezidentin çıxışı zamanı bütün dünyadakı ABŞ silahlı qüvvələri DEFCON-3 hazırlıq vəziyyətinə gətirildi.

Ertəsi gün OAS Amerika dövləri arasında qarşılıqlı yardım haqqında 1947-ci ildə imzalanan Rio paktına istinadən yekdilliklə karantin tətbiqinə səs verdi. Kennedi yalnız bundan sonra karantin haqqında sərəncam imzaladı. Karantin oktyabrın 24-də yerli vaxtla saat 10:00-dan qüvvəyə minəcəkdi və Kuba sahillərindən 500 dəniz mili (926 km) radiusu əhatə edəcəkdi.

Oktyabrın 23-də Xruşşov və Kennedi arasında məktub mübadiləsi oldu. Xruşşov ABŞ-ı BMT Nizamnaməsini pozmaqda ittiham etdi, təsnifatından asılı olmayaraq Kubaya göndərilən silahların onun müdafiə qabiliyyətinin güclənməsinə xidmət etdiyini bildirdi və Kennedini “sülh üçün fəlakətli nəticələrə səbəb ola biləcək addımlardan çəkinməyə” çağırdı.

Cavab məktubunda Kennedi məsələnin BMT TŞ-da müzakirə olunacağını yazır və ümid edirdi ki, OAS ölkələrinin qərarı ilə tətbiq olunan karantinə əməl etmək üçün sovet gəmilərinə gərəkən təlimatlar veriləcək.

Axşam prezidentin qardaşı, baş prokuror Robert Kennedi sovet səfirliyində oldu və Dobrıninlə danışıqlar apardı. Səfir bildirdi ki, sovet gəmilərinə beynəlxalq sularda qanunsuz tələblərə tabe olmamaq tapşırılıb. Kennedi “Bilmirəm, bunlar nə ilə yekunlaşacaq, amma biz sizin gəmiləri saxlamaq niyyətindəyik” cavabını verdi. Bu zaman onlarla sovet gəmisi Kubaya tərəf üzürdü.

***

Oktyabrın 24-də yerli vaxtla saat 10:00-da (Qrinviçlə 14:00) karantin qüvvəyə mindi. ABŞ HDD-nın 180 gəmisi Kubanı dövrəyə aldı. Onlar Kubaya gedən ticarət gəmilərinə işıq siqnalları, bayraqlar, səsgücləndirici ilə müraciət edərək ya dayanmalarını, ya da geri qayıtmalarını istəyəcəkdilər. Dayanan və Kubaya səfərini davam etmək istəyən gəmi yoxlamaya məruz qalacaqdı. Dayanmayan gəmiyə atəş açılacaqdı. Atəş yalnız prezidentin şəxsi göstərişindən sonra açıla bilərdi.

Əgər sualtı qayıqlar blokada xəttini keçməyə çalışardılarsa, onları su səthinə çıxarmaq lazım idi. Bunun üçün suya təhlükəsiz məsafədə dərinlik siqnal bombaları atılacaqdı. Vaşinqton bununla bağlı Moskvanı xəbərdar etdi ki, onlar da sualtı qayıqlara xəbər versinlər və siqnal bombaları hücum kimi dəyərləndirilməsin.

Adaya tərəf üzən gəmilər arasında “Aleksandrovsk” gəmisi də vardı ki, anbarlarında amerikalıları xüsusi maraqlandıran yük - nüvə başlıqları vardı. Amma  “Aleksandrovsk” blokada çənbərinin artıq daxilində idi, yəni Kubaya 500 mildən yaxın idi və problemsiz limana çatdı. Çənbərdən çöldə olan sovet gəmiləri isə dönməyə başladılar. Bu xəbər növbəti toplantısını keçirən ExCOMM üzvlərini xeyli rahatlatdı.

Oktyabrın 24-də Xruşşov Kennediyə növbəti məktub yazdı. ABŞ-ın addımlarını özbaşınalıq, quldurluq, “cırlaşmış imperializmin ağılsızlığı” kimi qiymətləndirən Xruşşov sovet dənizçilərinin beynəlxalq sularda ümumi qəbul olunmuş qaydalara uyğun davranacaqlarını bildirirdi. Bu bəyanata baxmayaraq, dediyim kimi, sovet gəmiləri geri qayıtmağa başladılar.

Həmin gün ABŞ-ın Strateji aviasiya qüvvələri (SAC) DEFCON-2 həyəcan vəziyyətinə gətirildilər ki, bu, indiyə qədər yeganə haldır (daha yüksək səviyyə nüvə müharibəsinin başlamasıdır). DEFCON-2 səviyyəsi o demək idi ki, göyərtəsində nüvə silahı olan 65 ədəd “B-52 Stratofortress” təyyarəsi günün istənilən vaxtında havada olmalı və istənilən an sovet ərazisindəki hədəflərə atəş açmağa hazır olmalı idi. Yüzlərlə B-52 və B-47 təyyarələrindən, onlarla qitələrarası ballistik “Atlas”, “Titan”, “Minuteman” raketlərindən və başqa vasitələrdən ibarət digər SAC qüvvələri yüksək hazırlıq vəziyyətinə gətirildilər.

***

Böhranın 10-cu günü, oktyabrın 25-də Kennedi Xruşşova növbəti məktubunu yazdı. “Mən sentyabrın əvvəllərində aydın şəkildə bildirdim ki, Birləşmiş Ştatlar [Kubaya] istənilən hücum silahının göndərilməsinə ən ciddi problem kimi yanaşacaqlar. Bundan sonra bizim hökumət Kubaya hücum silahının göndərilməməsi haqda sizin hökumətdən və onun nümayəndələrindən istər publik, istərsə də konfidensial yolla dəfələrlə təminat aldı. Əgər siz TASS-ın sentyabrda yaydığı bəyanata baxsanız, bu təminatın nə qədər dəqiq verildiyini görərsiniz”. Ümumiyyətlə, bu günlərdə ABŞ-ın apardığı təbliğatda əsas vurğu Moskvanın yalan danışması və əməliyyatı gizli keçirməsi idi.

Həmin gün ABŞ-ın tələbi ilə BMT Təhlükəsizlik Şurasının toplantısı baş tutdu. Rotasiyaya uyğun olaraq, iclasa SSRİ-nin BMT-dəki nümayəndəsi Valerian Zorin sədrlik edirdi. ABŞ nümayəndəsi Stivenson çıxış edərək yenə də diqqəti Moskvanın məxfilik və yalanına yönəltdi.

O, ABŞ-ın Avropada orta mənzilli raketlər yerləşdirməsindən də bəhs etdi və bildirdi ki, üç müttəfiq ölkədəki (Böyük Britaniya, İtaliya və Türkiyədə) raketlər SSRİ-nin Qərbi Avropa ölkələrini məhv etməyə qadir orta mənzilli raketlərini yerləşdirməsinə qarşı yerləşdirilib.

Stivenson çıxışında TŞ üzvlərini qorxutmağı da unutmadı və dedi ki, Kubadakı “nüvə başlığı ilə təchiz olunmuş və Nyu Yorku nişan alan raketlərdən biri buraxılmasından beş dəqiqə sonra bu binanın damına düşə bilər”.

TŞ-nın üzvü olmayan, iclasa xüsusi dəvətlə qatılan Kuba nümayəndəsi Qarsia İnçausteqi ölkəsində raketlərin olmasını qəti inkar etdi: “Kubanın ixtiyarında olan silahlar yalnız müdafiə xarakterlidir”. Qeyd edim ki, ABŞ raketlərin şəkillərini hələ ictimailəşdirməmişdi.

Valerian Zorin də uzun çıxışında qarşı tərəfi yalançı çıxarmağa çalışdı. Televiziya müraciətində Kennedinin raketlərin şəklini oktyabrın 16-da gördüyünü deməsini və iki gün sonra Qromıko ilə görüşdüyünü xatırladan sovet nümayəndəsi sual verdi: “Niyə Birləşmiş Ştatların prezidenti Sovet İttifaqının xarici işlər naziri ilə görüşdə “inkarolunmaz faktlar” barədə bir kəlmə də demədi? Niyə? Çünki bu faktlar yoxdur”.

Yenidən söz alan Stivenson əvvəlcə Qromıko ilə görüşlə bağlı suala cavab verdi: “Çünki biz sübut toplayırdıq; həm də, bəlkə Sovet İttifaqı nümayəndəsinin yalançılıqda nə qədər irəli getməsini bütün dünyanın görüb nəticə çıxarması üçün”.

Əllərində aydın və inkarolunmaz faktlar olduğunu söyləyən Stivenson özü sual verdi: “Səfir Zorin, siz Sovet İttifaqının Kubada orta və ortadan yuxarı mənzilli raketlər yerləşdirdiyini və yerləşdirməkdə davam etdiyini, start meydançaları tikdiyini inkar edirsinizmi? Hə, ya yox? Sizin tərcüməni gözləmək ehtiyacınız yoxdur. Hə, ya yox?”.

Zorin: “Mən Amerika məhkəməsində deyiləm və prokuror tonu ilə verilən suala cavab verməyəcəyəm. Mən Sovet İttifaqının nümayəndəsi kimi çıxış edəndə cavab alacaqsınız”.

Stivenson: “İndi siz dünya ictimai rəyinin məhkəməsi qarşısındasınız və “hə”, ya da “yox” ilə cavab verə bilərsiniz. Siz [hücum] silahın olduğunu inkar edirdiniz, mən də sizi düz anladığımı bilmək istəyirəm”.

Zorin: “Çıxışınıza davam edin, cənab Stivenson. Vaxtı gələndə cavab alacaqsınız”

Stivenson zalda stend düzəltmək üçün vaxt istədi və bir qədər sonra sübutları TŞ üzvlərinə təqdim etdi. Sübutlar Kubanın bir neçə eyni ərazisində müxtəlif vaxtlarda çəkilmiş şəkillərdən ibarət idi. Avqustun sonlarında çəkilən şəkillərdə ərazilərdə heç nə yox idi. İkinci şəkillərdə hərbi hazırlıqlar gözə çarpırdı. Üçüncü şəkillərdə isə start qurğuları, raketlər (bəziləri döyüşə hazır vəziyyətdə), İl-28 təyyarələri və başqa obyektlər vardı.



Bu sübutların müqabilində Zorin TASS agentliyinin 11 sentyabr tarixli məlumatından sitat gətirdi: “Sovet İttifaqı nüvə başlıqları üçün o qədər güclü raket daşıyıcılarına malikdir ki, onları yerləşdirməkdən ötrü Sovet İttifaqından kənarda yer axtarmağa ehtiyac yoxdur” və əlavə etdi: “Bu da mənim sizi maraqlandıran suala cavabım”.

Stivenson yenidən söz aldı: “Mən razıyam: SSRİ-nin buna ehtiyacı yoxdur. Amma məsələ o deyil ki, SSRİ-yə Kubada raket lazımdır, ya yox. Məsələ budur: Kubada sovet raketləri var, ya yox. Və bu sual açıq qaldı. Hərçənd, mən bilirdim ki, cavab verilməyəcək”.

Daha sonra ABŞ nümayəndəsi sübutları hələ də inkar edən Zorinə Kubaya BMT müşahidəçilər qrupu göndərməyi təklif etdi və çıxışını belə yekunaşdırdı: “Bizim vəzifəmiz debatlarda qələbə hesabına xal toplamaq deyil; bizim vəzifəmiz, cənab Zorin, sülhü qorumaqdır. Əgər siz bunun üçün səy göstərməyə hazırsınızsa, biz də hazırıq”.

***

Xruşşovun hədəsinə baxmayaraq, sovet gəmilərinin karantin çənbərini yarmağa cəhd etməmələri gərginliyi bir qədər azaltdı. Amma bu, problemin həlli deyildi. Kubada start qurğularının tikintisi və raketlərin döyüş hazırlığı vəziyyətinə gətirilməsi davam edirdi. Diplomatik danışıqlardan bir nəticə hasil olub-olmayacağı sual altında idi.

ExCOMM-un 26 oktyabr tarixli iclasında prezident Kennedi toplaşanlara sual verdi: əgər karantin raketlərin çıxarılması ilə nəticələnməsə və danışıqlar uğursuz olsa, nə etməli? Təhlükəsizlik üzrə müşavir Bandi cavab verdi ki, əgər 24-48 saat ərzində danışıqlar nəticə verməsə, bizim seçimimiz ya blokadanın sərtləşdirilməsi, ya da raketləri aviazərbələrlə məhv etmək olacaq. Bu fikrə etiraz edən olmadı.

Həmin gün Fidel Kastro Xruşşova məktub yazdı. O, iddia edirdi ki, aldığı məlumata görə, ABŞ-ın 24-72 saat ərzində Kubaya hücum çəkəcəyi qaçılmazdır. Onun fikrincə hücum ya aviazərbələr, ya da yerüstü müdaxilə şəklində olacaq: “Əgər ikincisi baş verərsə... Sovet İttifaqı elə şəraitin yaranmasına imkan verməməlidir ki, imperialistlər ona birinci nüvə zərbəsi endirə bilsinlər”. Bu, ABŞ-a birinci zərbə endirmək təklifi idi, amma Xruşşovun nüvə müharibəsinə başlamaq fikri yox idi.



Böhran zamanı Qərb mətbuatında karikatura

***

Vaşinqton vaxtı ilə saat 18:00-da Xruşşovdan Kennediyə növbəti məktub gəldi. Uzun məktubun bir xeyli hissəsi “hücum silahı nədir, müdafiə silahı nədir?” ritorikasında idi, hərçənd, yenə raketlərin adı çəkilmirdi.

“Sovet hökuməti və sovet xalqı adından Sizi əmin edirəm ki, Kubada hücum silahlarının olması barədə gəldiyiniz nəticələrin heç bir əsası yoxdur. Sizin mənə yazdığınızdan aydın olur ki, bizim bu haqda təsəvvürlərimiz fərqlidir, daha doğrusu, biz bu və ya digər hərbi vasitələri fərqli qiymətləndiririk. Axı həqiqətən də eyni silah növlərinin müxtəlif təfsiri ola bilər”.

Məktub xeyli emosional idi. “Gəlin, indi mübahisə etməyək”, “Biz sizinlə dinc təməl üzərində yarışmaq istəyirik”, “Gəlin, sağlam düşüncə nümayiş etdirək”, “Gəlin, münasibətləri normallaşdıraq” kimi dəvətlər səslənən məktubda belə bir təklif irəli sürülürdü: “Siz deyirsiniz ki, Birləşmiş Ştatlar öz ordusu ilə Kubaya hücum etməyəcək və Kubaya hücum etmək niyyətində ola biləcək hər hansı qüvvəni dəstəkləməyəcək. O zaman bizim hərbi mütəxəssislərin Kubada olmaq zərurəti də aradan qalxar”.

Sanki böhran yumşalmağa gedirdi, amma ertəsi gün, 27 oktyabr tarixə dünyanın nüvə müharibəsinə ən yaxın olduğu gün - “qara şənbə” kimi düşdü.

***

Səhər Moskva radiosu Xruşşovun Kennediyə yeni müraciətini səsləndirdi. Sovet liderinə partiyanın və hökumətin digər rəhbərləri təzyiq etmişdi, ya nədənsə, tərzi bir gün əvvəlki məktubdakı qədər sülhsevər olmayan müraciətdə böhranın aradan qaldırılması üçün yeni şərt irəli sürülürdü: Türkiyədən Amerika raketlərinin çıxarılması.

“Sizi Kuba narahat edir. Deyirsiniz, ona görə narahat edir ki, ABŞ sahillərindən 90 dəniz mili məsafəsində yerləşir. Amma Türkiyə bizimlə həmsərhəddir; bizim sərhədçilər bir-birilərini görürlər. Hesab edirsiniz ki, öz ölkəniz üçün təhlükəsizlik və hücum silahı adlandırdığınız silahların çıxarılmasını tələb etmək hüququnuz var, amma bizə eyni hüququ tanımırsınız?..

Buna görə də belə bir təklif irəli sürürəm: biz sizin hücum silahı saydığınız vasitələri Kubadan çıxarmağa razıyıq. Bunu etməyə və Birləşmiş Millətlər Təşkilatına bu vədi verməyə hazırıq. Sizin nümayəndələr də bəyan etsinlər ki, öz növbəsində ABŞ, sovet dövlətinin narahatlığını və qayğısını anlayaraq öz analoji vasitələrini Türkiyədən çıxaracaq”.

İlk baxışda ədalətli təsir bağışlayan bu təklif böhranın uzanması demək idi. Çünki raketlərin Türkiyədə yerləşdirilməsi haqqında qərar NATO sammitində qəbul olunmuşdu. Üstəlik, Türkiyə artıq bildirmişdi ki, raketlərin çıxarılmasının əleyhinədir. ExCOMM iclasında müdafiə naziri Maknamara bildirdi ki, raketlər Türkiyəyə məxsusdur, amerikalılar yalnız nüvə başlıqlarına nəzarət edirlər. Üstəlik, ABŞ-ın BMT-dəki nümayəndəsi Stivensonun dediyi kimi, raketlər Avropa ölkələrində həmin ölkələri təhdid edən sovet raketlərinə qarşı yerləşdirilmişdisə, indi belə çıxırdı ki, ABŞ öz təhlükəsizliyi naminə Türkyənin təhlükə altında qalmasına razıdır.

Əslində Türkiyə və İtaliyadakı “Yupiter” raketləri artıq köhnəlmişdi. Sualtı qayıqlarda yerləşdirilən yeni “Polaris” raketləri onlardan daha effektli idi, üstəlik bazalardan fərqli olaraq, qayıqların konkret vaxtda konkret yerini bilmək asan deyildi. Amma indi Türkiyədəki raketlərin çıxarılmasını müzakirə etməyi Vaşinqtonda siyasi cəhətdən doğru saymırdılar. Bundan əlavə, sual yaranırdı ki, Moskva gərginliyi uzatmaqla nəyə nail olmaq istəyir?

ExCOMM-un saat 16.00-da başlayan ikinci iclasının sonuna yaxın general Teylor ikinci bəd xəbəri verdi: Kuba üzərində kəşfiyyat uçuşu keçirən U-2 təyyarəsi “S-75 Dvina” raketi ilə vurulub və pilot Rudolf Anderson həlak olub. Xruşşovun səhərki müraciətindən sonra bu hadisənin də baş verməsi Vaşinqtonda rusların konflikti həll etməkdə deyil, gərginləşdirməkdə maraqlı olması təəssüratını yaratdı.

Xruşşov öz xatirələrində təyyarəni Kastronun əmri ilə sovet raketçilərinin vurduğunu, bundan sonra Kubadakı qoşunun komandanı Pliyevə yalnız Moskvadan gələn əmrlə atəş açmağı tapşırdıqlarını deyir. Amma çox güman ki, Kastronun xəbəri yox idi və atəş Pliyevin müavini, adadakı raket vasitələrinin rəhbəri general-mayor Leonid Qarbuzun əmri ilə açılmışdı.

ExCOMM-un əvvəlki iclaslarında qərara alınmışdı ki, kəşfiyyat təyyarələrinə atəş açan obyektlərə aviazərbələr endiriləcək. İndi generallar belə bir zərbə üçün icazə istədilər, amma mülkilər yenə də təmkinə üstünlük verdilər. Xruşşovun da 27 oktyabr müraciətini görməzdən gələrək 26 oktyabr məktubuna cavab vermək qərara alındı. Cavab məktubunda Con Kennedi Kubadan sovet raketlərinin çıxarılması müqabilində karantinin dərhal ləğv ediləcəyi və adanın təcavüzə məruz qalmayacağına təminat veriləcəyi bildirdi.

Amma U-2-nin vurulması həmin gün son insident olmadı.  Karantin xəttinə yaxınlaşan sovet “Qroznı” tankeri amerikalıların xəbərdarlıq siqnallarına əhəmiyyət verməyib hərəkətini davam etdirəndə, hərbi-dəniz qüvvələrinin komandanı Uilan Anderson gəmiyə atəş açmaq əmrini vermək istədi, ancaq müdafiə naziri Maknamara buna mane oldu. Onların mübahisəsi hətta bir-birilərinə qışqırmaq həddinə çatdı. ABŞ-ın “Lawrence” gəmisinin “Qroznı”nın burnunun önünə açdığı xəbərdarlıq atəşindən sonra tanker geri döndü və insident aradan qalxdı.

Başqa bir hadisənin nə qədər təhlükəli olmasını Amerikada çox sonralar bildilər. Böhran başlayanda sovet Şimal donanmasının 69-cu sualtı qayıqlar briqadasının dörd sualtı qayığı (B-4, B-36, B-59, B-130) regiona göndərilmişdi. Oktyabrın 27-də B-59 qayığını təsbit edən amerikalılar onun su üzünə çıxması üçün suya siqnal bombaları atdılar. Gəminin kapitanı Valentin Savitski bunu hücum kimi dəyərləndirdi və “bəlkə müharibə başlayıb” deyərək düşmən gəmilərini vurmaq üçün nüvə başlıqlı torpedaları döyüş hazırlığı vəziyyətinə gətirməyi əmr etdi. Ancaq gəmidə olan vəzifəcə daha böyük zabit, briqadanın qərargah rəisi Vasili Arxipov müdaxilə edərək əmri ləğv etdi.

Beləcə, vəziyyət olduqca təhlükəli şəkil almışdı. Bir hərbi vahidin, hətta bir nəfərin ehtiyatsız, əsəbi hərəkəti qlobal nüvə müharibəsinin başlamasına səbəb ola bilərdi. Üstəlik, generalların prezident Kennediyə təzyiqi artırdı. Onlar bazar ertəsi Kubaya hava zərbələri endirmək, bir neçə gün sonra da qurudan müdaxilə etmək istəyirdilər. Artıq prezident də hərbi əməliyyata qaçılmaz aqibət kimi baxırdı. Məhz buna görə 27 oktyabr bəşəriyyətin nüvə müharibəsinə ən yaxın olduğu gün sayılır.

***

Həmin gün prezident qardaşı Robert Kennediyə konfidensial tapşırıq verdi: sovet səfiri Dobrıninlə görüşmək və vəziyyətin bütün ciddiliyini anlatmaq.  Bob sovet səfirini gecə Ədliyyə nazirliyinə dəvət etdi (ABŞ-da baş prokuror eyni zamanda Ədliyyə nazirliyinin rəhbəri sayılır).

U-2 təyyarəsinin vurulmasından sonra qardaşına təzyiqlərin artmasından danışan, ABŞ hökumətinin Kubadakı raket bazalarının ləğvində israrlı olmasını vurğulayan Robert Kennedi bildirdi ki, çıxış yolunu tapmaqda ləngimək olmaz, vəziyyət hər an nəzarətdən çıxa, islahı mümkünsüz hadisələr baş verə bilər.

Səfirin görüş haqda Moskvaya göndərdiyi məlumata görə, Robert deyib: “Bu üzdən prezident hesab edir ki, N. Xruşşovun 26 oktyabr tarixli məktubu və prezidentin bu gün göndərdiyi cavab bütün Kuba konfliktinin həlli üçün əsas ola bilər”.

Dobrıninin “Bəs Türkiyə necə olsun?” sualına Bob Kennedi bildirir ki, prezident Türkiyə məsələsini publik müzakirə edə bilməz, bu haqda təkbaşına qərar bütün NATO strukturuna zərər vurar: “Amma prezident bu mövzu ilə bağlı da Xruşşovla razılaşmağa hazırdır. Həmin bazaların Türkiyədən çıxarılması üçün bizə 4-5 ay lazımdır. Bu - NATO çərçivəsində mövcud prosedurlar nəzərə alınsa - ABŞ hökumətinə lazım olan minimum vaxtdır”.

Kennedi səfirin diqqətinə çatdırır ki, Türkiyə haqqında dedikləri son dərəcə konfidensialdır, bu məsələdən Vaşinqtonda özü və qardaşından başqa 2-3 nəfər xəbərdardır. Baş prokuror vəziyyətin son dərəcə təhlükəli olduğunu təkrar edərək vaxtın çox olmadığını bildirir, prezidentin Xruşşovdan günü sabah cavab verməsini xahiş etdiyini deyir: “Sabah cavab vermək xahişi ultimatum deyil, məhz xahişdir. Prezident ümid edir ki, sovet hökumətinin başçısı onu düzgün anlayacaq”.

Xruşşov Kennedini düzgün anladı və cavabı ləngitmədi. Özü də bunu ən optimal yolla etdi. Oktyabrın 28-də Vaşinqtonda hələ səhər ikən Moskva radiosu sovet liderinin cavabını oxudu. Nə ABŞ, nə də yarımkürənin başqa ölkələri tərəfindən Kubaya hücum edilməyəcəyi barədə Kennedinin sözünə etimad göstərdiyini bildirən Xruşşov 13 gündür arzulanan və böhrana son qoyacaq cümləni işlətdi: “Biz öz zabitlərimizə göstərilən obyektlərin inşasının dayandırılması, onların demontaj edilməsi və Sovet İttifaqına qaytarılması üçün müvafiq tədbirlər görməyi tapşırmışıq”.

***

Böhran bitdi, hərçənd, bundan sonrakı proseslər heç də rəvan getmədi. Fidel Kastro raketlərin çıxarılmasına qarşı idi. Onu razı salmaq üçün sovet rəhbərliyi Fidellə yaxşı münasibətlərə malik Anastas Mikoyanı göndərdi. 1962-1968-ci illərdə SSRİ-nin Havanada səfiri olan Aleksandr Alekseyev xatirələrində yazır:

“2 noyabr 1962-ci il. A. İ. Mikoyanın hava limanında qarşılayandan və Kuba hökumət evində yerləşdirəndən sonra Fidellə qeyri-rəsmi qısa görüş oldu. Heç bir siyasi mövzulara toxunulmadı, söhbət, demək olar, şəxsi xarakter daşıyırdı. Amma emosional kubalılara xas olan dostluq hissi də yox idi. Hiss olunurdu ki, Fidel Mikoyana hörmət edərək ehtiyatsız ifadələrdən çəkinir. Belə qəbul Mikoyanı xeyli karıxdırdı.

Birinci işgüzar görüş ertəsi gün Fidelin mənzilində baş tutdu. Biz oraya səhər 9-da gəldik. Bizimlə yalnız tərcüməçi vardı. Fidel tək idi. Yenicə stol arxasına oturmuşduq ki, səfirliyimizdən zəng gəldi. Telefona yaxınlaşdım və bizim şifrləyici dedi ki, indicə Xruşşovdan teleqram daxil olub, Mikoyanın arvadının öldüyünü xəbər verir. Əhvalım tam korlanmış halda Xruşşovdan teleqram gəldiyini dedim, amma, məzmununu söyləmədim, əlbəttə. Mikoyan məndən xahiş etdi ki, səfirliyə gedim: avtomobillə beş dəqiqəlik yol idi.

Bilirdim ki, Fidel onlarla məsləhətləşmədən raketləri çıxarmaq qərarına görə Anastas İvanoviçə sərt fikirlər söyləyəcək. Buna görə də Fidelin katibəsindən xahiş etdim ki, onu bir yazı ilə baş vermiş hadisə haqda xəbərdar etsin, o da bunu dərhal etdi. Beləcə, mənim olmadığım müddətdə Fidel problemin mahiyyəti üzrə söhbətə başlamadı və qonaqla maksimum korrekt davrandı.

Qayıdıb teleqramı Anastas İvanoviçə verdim. Orada başsağlığından sonra deyilirdi ki, Moskvaya qayıdıb-qayıtmamaq barədə qərarı Mikoyan özü qəbul edə bilər.

Çaşqınlıq çökdü. Danışıqlar başlamadı və biz iqamətgahımıza qayıtdıq, Mikoyan öz otağına girib tək qaldı. Təxminən bir saat sonra çıxdı və qərarını açıqladı: onu müşayiət edən oğlu Serqo gəldikləri xüsusi təyyarə ilə Moskvaya qayıdır. Kuba ilə sarsılan dostluğumuzu bərpa etmək çox önəmli olduğundan, danışıqları davam etdirməyi öz borcu sayır, bir də ki, Moskvaya qayıtması dərdinə dərman olmayacaq...

Mikoyanın bu hərəkəti ona kubalıların böyük rəğbətini qazandırdı və danışıqların gedişinə emosional təsir edərək münasibətlərimizin istiləşməsinə səbəb oldu. Elə həmin gün Anastas İvanoviç bütün Kuba rəhbərliyinin imzaladığı başsağlığı aldı. Respublika rəhbərlərinin arvadları ona baş çəkdilər. Axşam Fidel Kastro və yoldaşları Mikoyanın olduğu iqamətgaha gəldilər, kədərinə şərik olduqlarını şəxsən bildirdilər.

Bir gün sonra bərpa olunan Mikoyan-Kastro danışıqları, belə demək mümkünsə, şəfqətli rejimdə keçdi, xüsusən də ilk günlər. Bununla belə, bu danışıqlar fasilələrlə üç həftə davam etdi və zaman-zaman çox ağır oldu".

Kastro raketlərin çıxarılmasına razılıq versə də, demontajı inspeksiya etmək üçün adaya BMT müşahidəçilərinin gəlməsinin əleyhinə çıxdı. İnspeksiya açıq dənizdə ABŞ hərbçiləri tərəfindən aparıldı. Raketlərin çıxarılmasından sonra, noyabrın 20-də ABŞ Kubanın blokadasını aradan qaldırdı. Türkiyədəki raketlər isə 1963-cü ilin aprelində çıxarıldı.

***

Qərbdə Kuba raket böhranı, Şərqdə isə Karib böhranı deyilən hadisələrin gözlənilməz effekti oldu. Tərəflər sanki uçurumun kənarına yaxınlaşdılar, onun bütün vahiməli dərinliyini gördülər və təlaşla geri sıçradılar. Böhrandan sonra ABŞ-SSRİ münasibətlərində istiləşmə müşahidə olundu.

Bunun ilk əlaməti iki hadisə idi. Birincisi, yarana biləcək yeni böhran vəziyyətində məktubların şifrələnməsinə və deşifrələnməsinə, tərcüməsinə vaxt itirməmək üçün Moskva və Vaşinqton arasında teletaypdan ibarət “qaynar xətt” yaradıldı. İkincisi, 1963-cü il avqustun 5-də Moskvada ABŞ, Böyük Britaniya və SSRİ arasında “Atmosferdə, kosmosda və su altında nüvə silahı sınaqlarının qadağan olunması haqqında” müqavilə imzalandı.

Kuba böhranından bir neçə il sonra həm ABŞ-ın, həm SSRİ-nin qarşı tərəfi tam məhv edəcək sayda qitələrarası ballistik raketi vardı və MAD (Mutually Assured Destruction - qarşılıqlı təminatlı məhv) deyilən paritet vəziyyəti yarandı. Daha raketləri haradasa yerləşdirməyə ehtiyac qalmadı.

Beynəlxalq münasibətlərdəki bir çox fikir ayrılıqlarına, xüsusən Yaxın Şərqdə və Hind-Çində baş verən gərgin hadisələrə baxmayaraq, ABŞ-SSRİ münasibətləri 17 il ərzində mülayim oldu və yalnız 1979-cu ilin sonlarında SSRİ-nin Əfqanıstana təcavüzündən sonra yenidən pisləşdi.

Previous post Next post
Up