Türkiyə və Yunanıstan arasında Kardak böhranı

May 13, 2024 13:35


1995-ci il dekabrın 24-dən 25-ə keçən gecə Türkiyəyə məxsus “Figen Akat” quru yük gəmisi İsrailə sement apararkən Egey dənizində iki adamsız qayalıqların yanında dayaza oturdu. Bodrum yarımadasından 3,8 dəniz mili (1 dəniz mili = 1852 metr) məsafəsində yerləşən bu iki adaya əhali İkicze deyirdi. Türkiyədə rəsmi adı Kardak, Yunanıstanda isə İmia idi, amma bu adları Türkiyədə də, Yunanıstanda da çox az adam bilirdi, hətta yüksək ranqlı dövlət məmurları da daxil olmaqla. Axı onlar Egey dənizi üzrə səpələnmiş yüzlərlə xırda adacıq və qayalıqlardan biri idilər. Amma “Figen Akat”ın xırda qəzasından sonra bu adları Türkiyədə və Yunanıstanda bilməyən qalmadı, hətta Vaşinqtonda belə bir müddət ən çox səslənən coğrafi ad oldular.

***

“Figen Akat”ın kapitanı gəminin mənsub olduğu şirkətlə əlaqə saxlayaraq kömək istədi. Şirkətdən mütəxəssislər gəlib gəmini dayazdan çəkmək yolları barədə fikirləşərkən, Ankaradakı Yunanıstan səfirliyi Türkiyə xarici işlər nazirliyinə nota verdi. Sənəddə bildirilirdi ki, “Figen Akat” Yunanıstan ərazisində qəzaya uğrayıb və dəniz hüququna görə onun qurtarılmasını yunanlar həyata keçirməlidirlər. Türklər isə notanı rədd etdilər.



Bu zaman “Figen Akat”dakı mütəxəssislər yükün bir hissəsinin dənizə boşaldılmasına qərar verdilər. İş gedən vaxtı gəmiyə yunan hərbi gəmiləri yan aldı. “Figen Akat”ın göyərtəsinə qalxan hərbçilər işləri dayandırmağı əmr etdilər. Gəmiyə yaxınlaşan bir buksir “Figen Akat”ı çəkib torpaqdan qopartdı. Onu qaydalara görə yunan limanlarından birinə aparmaq istərkən isə türk dənizçilər buksir trosunu kəsdilər və yunanlar bir şey edənə qədər gəmi özünü Türkiyənin ərazi sularına çatdırdı.

Güman etmək olardı ki, problem bununla da bitəcək, Kardakın kimə məxsus olması barədə türklər və yunanlar fərqli fikirlərdə qalmaqda davam etsələr də konfrontasiya baş verməyəcək. Amma belə olmadı. Məsələ iki ölkəni savaş astanasına gətirəcək qədər böyüdü.

***

Osmanlı ekspansiyasının ən geniş vaxtı Yunanıstan özü də, Egey dənizində yunanlar yaşayan adalar da imperiyanın tərkibinə qatıldı. Yunanıstan 1829-cu ildə müstəqillik qazanandan sonra adaların kiçik hissəsi ona çatdı. Sonrakı hadisələr zamanı türklər başqa adaları da itirdilər. Egey adalarından ən böyüyü olan Kritdə 1897-ci ildə üsyan baş verdi və bir il sonra Krit dövləti yaradıldı. Ada 15 il sonra Yunanıstana birləşdi.

Egey adaları bir neçə qrupa bölünür. Türklərin On iki ada, qalan dünyanın isə yunanca elə həmin mənanı verən Dodekanes dedikləri adalar da belə qruplardan biridir. Adına baxmayaraq bu adalar 15 böyük adadan, 93 adacıq və qayalıqlardan ibarətdir. Ən böyüyü və ən əhəmiyyətlisi türklərin 1522-ci ilin son günlərində tutduqları Rodosdur.

1911-1912-ci illərin Osmanlı-İtaliya müharibəsi zamanı Dodekanes italiyalılar tərəfindən tutuldu. Savaşın sonunda imzalanan Uşi müqaviləsinə görə, adalar Osmanlıya qaytarılmalı idi. Amma həmin vaxt Birinci Balkan müharibəsi gedirdi və türklər adaları yunanlar tutmasın deyə, bir müddət italiyalılarda qalmasına razılıq verdilər. Sonra da Birinci dünya müharibəsi başladı ki, Osmanlı və İtaliya əks tərəflərdə yer aldılar.

Savaşdan sonra imzalanan, amma təsdiqlənməyən Sevr müqaviləsi Dodekanes adalarının İtaliyaya qatılmasını nəzərdə tuturdu. Qurtuluş savaşından sonrakı Lozanna müqaviləsi Sevrin bir çox şərtlərini dəyşsə də, adalar məsələsi dəyişməz qaldı və onlar İtaliyaya çatdı.

Lozanna müqaviləsinin bəzi maddələri Egey adaları haqda idi:

Maddə 6: ... bu Müqavilədə başqa hökm olmadığı halda, sahildən üç milə qədər uzaqlıqda yerləşən adalar və adacıqlar sahilyanı dövlətin sərhədlərinə daxildir.

Maddə 12: bu Müqavilədə əksinə hökm olan hallar istisna olmaqla, Asiya sahillərindən üç milə qədər uzaqlıqda yerləşən adalar Türkiyənin suverenliyi altında qalır.

Maddə 15: Türkiyə aşağıdakı adalardan [burada italiyalıların işğalı altında olan 12 ada və Türkiyənin nəzarətində olan Kastellorisso (Meis) adası sadalanır] və onlara bağlı adacıqlar üzərində bütün hüquq və mülklərdən İtaliyanın xeyrinə imtina edir.

Maddə 16: Türkiyə bu Müqavilə ilə göstərilən sərhədləri və üzərində suverenliyi bu Müqavilə ilə tanınan adalar xaricində istənilən ərazilər üzərində hüquq və mülklərdən imtina edir,

İkinci dünya müharibəsində uduzan tərəfdə yer alan İtaliya ilə Antihitler koalisiyasının üzvü olan bir sıra dövlətlərlə sülh müqaviləsi imzalandı. 1947-ci il fevralın 10-da Parisdə imzalanan bu müqavilənin şərtlərindən biri də İtaliyanın nəzarətində olan Egey adalarının Yunanıstana verilməsi idi. Bu zaman Lozanna müqaviləsinin adalarla bağlı bütün şərtləri yerində qalırdı, indi İtaliyanı Yunanıstan əvəz edirdi.

Məlumdur ki, dənizə çıxışı olan quru sahəsinin və ya adanın ərazi suları məsələsi var. XX əsrin əvvəllərində sahildən 3 mil məsafədəki dəniz səthi ərazi suları sayılırdı. Sonradan bəzi ekoloji problemlər, eləcə də gəmilərinin sürətlərinin artması kimi səbəblərə görə ərazi sularının 6 milə qədər uzadılması hüququ təsbit edildi. Yunanıstan bunu 1936-cı ildə, Türkiyə isə 1964-cü ildə tətbiq etdi.

1982-ci ildə qəbul edilən Dəniz hüququ haqqında BMT konvensiyası dövlətlərə ərazi sularını 12 milə qədər uzatmaq hüququ verir. Yunanıstan bu konvensiyanı imzaladı və həm materik Yunanıstanın, həm də adaların ətrafındakı 12 millik zonanı özünün ərazi suları elan etdi.

Türkiyə isə məhz Egey dənizindən ötrü bu konvensiyanı imzalamayıb. Ankara hesab edir ki, Egey dənizin özəlliyi xüsusi yanaşma tələb edir. Burada 12 mil hüququnun tətbiqi Egeyin xüsusən cənub hissəsini tamamilə Yunanıstanın ərazi sularına çevirəcək və orada beynəlxalq sular qalmayacaq. Türkiyə Egey dənizində ərazi sularının 6 millik çərçivədə qalmasının tərəfdarıdır.

Onu da əlavə edim ki, ərazi sularının üzərindəki hava məkanı da, təbii, həmin dövlətə aiddir.

Nəhayət, başqa bir mübahisə mövzusu da Lozanna müqaviləsindəki “bağlı adacıqlar” ifadəsidir. Ankara hesab edir ki, Egey də 100-dən çox adacıq və qayalıqlar var ki, onları başqa adalara “bağlı” hesab etmək olmaz. Elə Kardak qayalıqları Dodekanes adalarından ən yaxın olan Kalimnosdan təxminən 5,5 mil uzaqlıqda, Türkiyə ərazisinə daha yaxınlıqda yerləşir.

Bundan çıxış edən türk diplomatlarının və siyasətçilərinin yanaşması belədir: “Egeydəki adalar hamısı Osmanlı dövlətinin tərkibində olub; əgər onların başqa dövlətə verilməsi hər hansı müqavilədə təsbit olunmayıbsa, Türkiyə Respublikasının ərazisi sayılmalıdırlar”. Əlbəttə, burada əhəmiyyət kəsb edən adacıq və qayalıqların özündən çox onların ərazi suları və hava məkanıdır.

Həm də məsələ sırf Kardakda deyil. Türkiyə hesab edir ki, Kardakın yunan ərazisi sayılması mübahisəli hesab etdiyi yüzdən çox adacıq və qayalıqlar üçün  presedent ola bilər və eyni yanaşma onlara (eyni zamanda onların ərazi sularına və hava məkanına) şamil edilər.

Türkiyədə “Ege sorunu” deyilən problemin qısa məğzi bundan ibarətdir.

Onu da əlavə edim ki, Kardak qayalıqları bir-birindən 300 metr aralıda yerləşir. Ümumi ərazisi 4 hektar olan qayalıqların şərqdə, Türkiyəyə daha yaxın yerləşəni qərbdəkindən nisbətən böyükdür.



***

Kardak böhranının bu qədər kəskin şəkil almasının səbəbini tam anlamaq üçün Türkiyə və Yunanıstanın həmin dövrdəki daxili siyasi vəziyyətini bilmək vacibdir.

Türkiyədə 1993-cü ilin iyunundan Tansu Çiller baş nazir idi. Onun Doğru Yol Pariyası (DYP) Sosial-demokrat Xalqçı Partiya (SHP) ilə koalisiya qurmuşdu. SHP 1995-ci il fevralın 18-də Cümhuriyyət Xalq Partiyasına (CHP) birləşdi və bundan sonra koalisiya ortağı CHP oldu, başqanı Hikmet Çetin isə baş nazirin müavini postunu tutdu. Sentyabrda Deniz Baykal CHP başqanı seçildi və bəzi səbəblərdən növbədənkənar parlament seçkilərinin keçirilməsini istədi. Seçkilər dekabrın 24-nə təyin olundu.

“Figen Akat” qəzasından bir gün əvvəl keçirilən parlament seçkilərində Necmettin Erbakanın islamçı Refah Partiyası 21,38% səs toplayaraq birinci oldu. DYP 19,18%, Mesut Yılmazın Ana Vətən Partiyası 19,65% səs topladı. Bunlardan əlavə, parlamentdə Demokratik Sol Partiya (Bülent Ecevit, 14,64%) və CHP (10,71%) təmsil olundular.

Bütün seçki kampaniyası boyu Erbakan baş nazir Çilleri kəskin tənqid etmiş, onu başqa nöqsanlarla yanaşı korrupsiyada günahlandırır və qalib gələcəyi təqdirdə rəqibini məsuliyyətə cəlb edəcəyini deyirdi. Tansu Çiller də Erbakanı irticada, hətta PKK-ya dəstək verməkdə günahlandırırdı.

Kardak böhranı başlayanda Erbakan birinci yeri tutan partiyanın rəhbəri kimi hələ koalisiya ortağı axtarır və tapa bilmirdi. Dünyəvi partiyalardan kiminsə onunla hökumət quracağı real görünmürdü. Hətta, deyilənlərə görə, Məsut Yılmazın xanımı ərini belə mezalyansdan çəkindirmək üçün “səndən boşanaram” hədəsinə əl atmışdı. Beləcə, yeni hökumət qurulmadığından baş nazir vəzifəsini hələ də Tansu Çiller tuturdu.

Şübhəsiz, Kardak böhranı seçkilərdən əvvəl baş versəydi, nəticələri daha faciəli ola bilərdi. O zaman Çiller militarist ritorika - bəlkə də təkcə ritorika ilə deyil, həm də addımlarla - ilə reytinqinin qalxmasına nail olardı. Axı korrupsiya ittihamından yayınmağın ən etibarlı yolu xarici düşmən tapmaqdır və saxta vətənpərvərlikdir, tarix bunu min illər öncə sübut eidb. Xoşbəxtlikdən, böhran seçkilərdən sonra yaşandı.

Yunanıstanda da siyasi vəziyyət rəvan deyildi, amma başqa səpkidə. Ölkənin baş naziri Andreas Papandreu 1995-ci il noyabrından ürək və böyrək çatışmazlığı diaqnozu ilə xəstəxanada idi. O, yanvarın 16-da vəzifəsindən istefa verdi. Sədri olduğu Ümumyunan Sosialist hərəkatı (PASOK) partiyasınınü üzvü Kostas Simitis iki gün sonra yeni baş nazir oldu.

Simitis Papandreu kimi təcrübəli siyasətçi imicinə malik deyildi, müxalifət bundan istifadə edib Kardak məsələsi üzərindən hücuma keçməyə, yeni baş nazirin ölkənin maraqlarını müdafiə etmirmiş görüntüsü yaratmağa çalışdı. Üstəlik, PASOK daxilində də Simitisin büdrəməsini istəyənlər vardı, məsələn, baş nazirlik uğrunda mübarizədə məğlub olan Gerasimos Arsenis. Simitis də bu hücumları dəf etmək üçün özünü “qırğı” kimi göstərməyə məcbur idi.

***

“Figen Akat” qəzasından 20 gündən artıq keçmişdi və hadisənin artıq unudulduğunu düşünmək olardı ki, Yunanıstan XİN Türkiyəyə daha bir nota verdi. Əslində Ankarada məhz bu ikinci notadan sonra Kardakın harada yerləşməsi və kimə aid olması ilə ciddi maraqlandılar. Qayalıqların “tapu”sunun Bodrumun torpaq reyestrindən tapıldığı və Bodrum ilçəsinə bağlı olduğu önə sürüldü.

Afina öz iddialarını möhkəmləndirmək üçün 1932-ci ildə Türkiyə ilə İtaliya arasında dəniz sərhədi haqqında protokola istinad etdi. Dediyim kimi, o dövrdə Dodekanes adaları İtaliyaya məxsus idi və həmin protokola əlavə edilən xəritədə Kardak sərhədin İtaliya tərəfində qalırdı. Ankara isə cavabında bildirdi ki, həmin protokol imzalansa da Millətlər Cəmiyyətinə təhvil verilmədiyindən qüvvəyə minməyib.

Bu diplomatik çəkişmə ictimaiyyətdən qapalı aparılırdı. Amma yanvarın 20-də mətbuata sızdı - güman ki, Arsenisin vasitəsilə - və bütün Yunanıstan məsələdən hali oldu. Bəzən hökumətlər ölkələrarası münasibətləri gərginləşdirəndə xalq diplomatiyası işə düşür və vəziyyəti yumşaldır. Bu dəfə əksinə oldu.

Yanvarın 25-də Kalimnos adasının meri bir keşiş və iki sakinlə birlikdə Kardaka çıxaraq buraya yunan bayrağı taxdılar və bu fəthi lentə alıb telekanallara ötürdülər. Yunan televiziyalarının göstərdiyi görüntülərindən indi türklər xəbər tutdular və hiddətləndilər.

Yanvarın 27-də “Hürriyet” qəzetinin bir neçə əməkdaşı helikopterlərlə adaya endi, yunan bayrağını götürdülər və türk bayrağı sancdılar. Bu fəth də lentə alındı. İndi fərəhlənmək növbəsi türklərin, hiddətlənmək növbəsi yunanların idi. Elladada ictimai isteriya pik həddinə çatdı.



Yanvarın 28-də hökumət hərbi-dəniz qüvvələrinə adadakı Türkiyə bayrağını endirməyi tapşırdı. Hərbi dənizçilər bayrağı endirdilər, üstəlik, yunan bayrağını qaldırdılar, halbuki, belə göstəriş yox idi. Yunanıstan bayrağı qaldırılmasaydı, adalar neytral qalacaqdı və gərginlik yata bilərdi. İndi isə Türkiyədə hiddət göylərə bülənd oldu.

Hökumətin toplantısından sonra mətbuat qarşısına çıxan Tansu Çiller “o əsgər gedər, o bayraq enər” dedi. Kostas Simitis isə Türkiyənin istənilən həmləsinə dərhal və qətiyyətlə cavab verəcəklərini bildirdi. Kardak qayalıqları yunan hərbi gəmiləri ilə əhatəyə alındı. Şərqi Kardak adasına taxılan bayrağı qorumaq üçün əsgər çıxarıldı. Beləcə, insident iki NATO ölkəsi arasında hərbi toqquşma həddinə gəlib çatdı.

***

Türkiyə və Yunanıstan arasındakı gərginlik Vaşinqtonda narahatlıq doğurdu. Prezident Bill Klinton bu barədə deyirdi: “Köməkçilərim mənə deyəndə ki, Türkiyə və Yunanıstan 20 keçinin otladığı qayalıq adalardan ötrü savaşa hazırlaşırlar, onların zarafat etdiyini düşündüm”. Bunun zarafat olmadığını anlayanda dövlət katibinin müavini Riçard Holbruka iki ölkə rəhbərləri ilə  əlaqə saxlayaraq böhranın həllinə yardımçı olmağı tapşırdı.

Holbruk təcrübəli vasitəçi idi. O, Deyton razılaşmasının baş memarı sayılır. Kardak böhranından bir qədər əvvəl, 1995-ci il dekabrın 14-də imzalanan həmin müqavilə Bosniya və Hersoqovinada gedən vətəndaş müharibəsinə son qoydu, respublikanın inzibati bölgüsünü və siyasi quruluşunu təsbit etdi.

Amerikalı diplomat dərhal anladı ki, ilk növbədə silah işlədilməsinin qarşısını almalıdır. O, hər iki tərəfi xəbərdar etdi: ilk gülləni kim atacaqsa, ABŞ qarşı tərəfin yanında olacaq. Bu şərt xüsusən türklərin xoşuna gəlmədi: Kardak yunanların nəzarətində qalmışdı, vəziyyəti dəyişmək lazım idi, amma silah işlətmədən bunu necə etmək olardı?

Holbruk Mehmet Ali Birandın “32-ci gün” proqramına verdiyi müsahibədə deyir: “Tansu Çiller mənə əvvəlcə “Riçard” deyirdi, sonra “mister Holbruk” dedi, axırda da telefonlarıma cavab vermədi”.

Telefonlara cavab verilməsə də, ABŞ-ın xəbərdarlığını gözardı etmək olmazdı. Əlbəttə, amerikalılar yunanların yanında vuruşmayacaqdılar, amma müxtəlif sanksiyalar tətbiq edə bilərdilər. Bundan əlavə, o zaman Türkiyə üçün çox yaxın görünən Avropa Birliyi üzvlüyü perspektivini də nəzərə almaq lazım idi.

Üstəlik, Türkiyənin özündə də hərbi əməliyyatlara qarşı çıxanlar vardı və onlardan biri prezident Süleyman Demirel idi. O da “32-ci gün”ə müsahibəsində deyirdi: “Həm baş nazir, həm Baş qərargah rəisi çox qərarlı gəldilər. Mənim dediyimdən də çox xoşlanmadılar. Mən dedim ki, bu səbəblə savaş çıxarsa, bunu türk millətinə izah edə bilmərik. Bu gün edərik, sabah edə bilmərik. “Bunun bir başqa yolunu arasaydınız” deyərlər. Dünyaya da izah edə bilmərik. Gedin, bir başqa yolunu tapın”.

Başqa yolu isə Xarici İşlər Nazirliyinin məmuru İnal Batu hökumətin və ordu rəhbərliyinin birgə toplantısında təklif etdi: madam ki, yunan əsgərlər adaların yalnız birində, daha böyüyündə keşik çəkirlər, gəmilərin arasından sızıb ikinci adaya çıxmaq və orada Türkiyə bayrağını qaldırmaq lazımdır. Bu təklif əvvəlcə qəbul olunmadı. Axı Çiller yunan bayrağının enəcəyini və yunan əsgərinin gedəcəyini demişdi. Amma bir gün sonra anlaşıldı ki, yeganə ağlabatan yol budur və başqası yoxdur. Əməliyyatı hazırlamaq dəniz qüvvələri komandanı Güven Erkayaya tapşırıldı.

Yanvarın 31-ə keçən gecə Türkiyənin SAT (Su Altı Taaruz) kommandosları motorlu hava qayıqları ilə hərəkət edərək yunan gəmilərinin arasından keçdilər. Türkiyə gəmiləri və helikopterləri yunanların qayıq motorlarının səsini eşitməmələri üçün ətrafda səs-küy yaratdilar. Qərbi Kardak adasına çıxan kommandoslar burada Türkiyə bayrağı qaldırdılar. Xəbər Ankarada böyük sevinclə qarşılandı. Məhz Ankaradakı Yunanıstan səfirliyi Afinanı türklərin Qərbi Kardaka çıxması barədə xəbərlə tanış etdi. Afina da bu xəbəri yoxlamağı hərbi dəniz qüvvələrinə tapşırdı.

Səhər 05:30-da “Navarino” gəmisindən qalxan yunan helikopteri qərbdəki adanın əyrafında dövrə vurdu və burada Türkiyə bayrağının və hərbçilərinin olmasını təsdiqlədi. Bundan sonra helikopterin idarəçiliyində problem yarandı. Daha yaxında olan və yunanların danışığına qulaq asan “Yavuz” türk gəmisi helikopterə öz göyərtəsinə enməyi təklif etdi. Amma yunanlar rədd etdilər və helikopter dənizə düşdü. Üç nəfər öldü və onlar Kardak böhranının yeganə qurbanları oldular.

Səhər açılanda Holbruk yenidən Afina və Ankara ilə əlaqə yaratdı. Pat vəziyyəti yaranmışdı və bu, böhrana son qoymaq üçün ideal şərait idi. Tərəflər bayraqlarını götürərək gəmilərini qayalıqlardan uzaqlaşdırmaq barədə razılığa gəldilər. Kardak böhranı bununla başa çatdı. Amma həll edilmədi. Egey problemi də həmçinin...

P.S. Bu hadisələrdən bir neçə ay sonra Necmettin Erbakan və Tansu Çiller koalisiya qurub Refah-Yol hökuməti formalaşdırdılar. Seçki öncəsi səsləndirilən qarşılıqlı ittihamlar da unuduldu, Erbakanın Çilleri məsuliyyətə cəlb etmək vədi də.

Previous post Next post
Up