Mehtər musiqisi

Apr 22, 2009 12:59


İstanbul haqqında ən böyük coğrafi təəssürat əlbəttə ki, Adalar idi. Ən yüksək zirvəsində monastır yerləşən tozlu və yağışlı Heybeliada, dolanbac yollarında icarəyə götürdüyüm velosipedi iki dəfə yıxdığım Büyükada... Eh, yaxşı vaxtlar idi.

İstanbul səfərindən ən böyük tarixi, daha doğrusu, emosional təəssürat Əskəri Muzeyin ziyarəti idi. Nə xudmani Yıldız sarayı, nə cah-calallı Dolmabaxça, nə də dəyərli eksponatlarıyla adamı sıxan Topqapı belə güclü təsir etmədi.

Əskəri Muzey türkün zəfər tarixçəsinə həsr olunmuş simvolların yığını idi - 1453-də Halici mühafizə edən zəncirlər, Kipr sülh əməliyyatı zamanı hansısa yunan səngərindən tapılmış Yunanıstan bayrağı, Vyananı mərmi yağışına tutan toplar...

Sonunda da Muzeyin, urus dilində desək, akt zalına getdik. Zal klassik yunan teatrı prinsipi üzrə qurulmuşdur, yarımçevrə formasında səhnənin arxa hissəsini nəhəng kinoekran tuturdu, yarımçevrə şəkildə yuxarı doğru isə tamaşaçı oturacaqları qalxırdı. Burada bizə məşhur mehtərlər haqqında bir film göstərdilər - yaranma və inkişafı tarixçəsi, digər hərbi orkestrlərə təsiri və təsirlənmələri, hazırkı vəziyyəti və statusu. Film bitdi və... bu anda çox güclü bir mədəni sarsıntı yaşadım - kino ekranı harasa sağa doğru getdi və qaranlığa öyrəşmiş gözlərlə Muzeyin günəşli həyətində əsl bir əskəri birlik kimi düzülmüş qırmızıgeyimli mehtərləri gördük. Sıra ilə zala daxil oldular və ən məşhur şərqilərini ifa etdilər. Eh, nərdən biləydi yanımda oturan italyan və maltalı dostlarım, hətta Anadolu türkləri nərdən biləydilər həmən - həyatımın ən xoşbəxt anlarından birində mən nələr yaşadım, necə qürurlandım?! Nərdən?!

O zaman Əskeri Muzeydən aldığım audiokasset də çoxdandır ki, çeynənilib, xırıltısıdan bir söz anlamaq olmur, amma o xatirədən əziz çox az şey var həyatımda. Telefonumun musiqi kolleksiyasında hər zaman ən sevdiyim 3-4 marş - “Osman Paşa marşı”, “Cəddin dədən”, hələ məktəbdə oxuyarkən öyrəndiyim “Yelkənlər biçiləcək” və əlbəttə ki, ən çox sevdiyim “Əski ordu marşı” olsa da, düşünürəm ki, o musiqini tam eşitmək, tam mənada duymaq üçün Sony Ericsson qulaqcıqları çox azdır, çox primitivdir, sonu olmayan çöllərdə, dopdolu meydanlarda, canlı-canlı eşitmək - nə gözəl.

Eh, bir xeyli xatirələrə və hisslərə qapıldım.

İnşallah, mehtərləri heç dinləmədinizsə dinləyib ən azından mənim qədər sevəcəksiniz.

Burada mehtərlər haqqında oxuyub marşlarını dinləyə bilərsiniz.

тюрки, Стамбул, музыка, İstanbul, марши, mehtərlər

Previous post Next post
Up