Ölülər dirilərin yolunu kəsir

Mar 09, 2010 23:23

Artıq neçə illərdir avtomobil tıxaclarından əziyyət çəkən Bakı əhalisi bir yandan də ölülər tərəfindən küncə sıxışdırılıb. Ölülər deyəndə, daha doğrusu, ölü sahibləri tərəfindən. Şəhərin mərkəzində ensiz küçələrdə bu lap dəhşətli hal alıb. Hansı tərəfdən gedirsən yollar səni yas çadırına aparır. Özü də bu möhtəşəm yas çadırları yolları Ərəbzəngi kimi elə kəsirlər ki, piyadaların keçidi üçün belə yer qalmır.

Başa düşürəm, insan ölüb, heç kimin özü və ailə üzvü bu hadisədən sığortalanmayıb. Amma bunun da bir əndazəsi olmalıdır axı. Cənablar, yolun düz ortasında çadır qurub yol kəsmək ölü sahibinin nə özünə, nə də vicdanına aid məsələ deyil. Bu məsələnin həm sənə, həm mənə, həm də hamıya aidiyyəti var. Hansı ölü sahibinə gedib demək olar ki, qardaş, yolun ortasında çadır qurmaqla camaatın gediş-gəlişinə mane olursan, bir sözlə, insanların yolunu kəsirsən. Heç birinə.

Yaxşı, nə etməli? Ölü sahibi ehsanı harada versin?  Ehsan verməsə nə olar? Suallar çox, cavabı isə III Dünya müharibəsi...

P.S. Hələ mən yasda ehsan adı ilə verilən yeyib-içməkdən danışmıram. 

mentalitet

Previous post Next post
Up