ANS-də yayımlanan və bu mövzusu Babəkə həsr olunmuş
"Şəxsiyyət vəsiqəsi" verilişi neçə gündür facebook`un əsas müzakirə obyektinə çevrilib. Ən müxtəlif mövqelər ortaya qoyulub: Babəki kafir elan edən kim, qəhrəman edən kim, türk edən kim və s. Hələlik bəyəndiyim Erkin Qədirlinin
ANS'də Babək'lə bağlı getmiş verlişə ("Şəxsiyyət vəsiqəsi") nəhayət baxdım. Canlı izləyə bilməmişdim, videosuna baxdım. Mübahisələri yenidən canlandırmaq istəmirəm, öz münasibətimi bildirirəm, sadəcə.
Verlişin özünü təqdir edirəm. Yerli telekanallarımızda belə müzakirələrin yenidən başlamasına sevindim. Davamlı olmasını arzulayıram. Verlişdə söylənilən bütün fikirlərə hörmətlə yanaşıram (həmin fikirlərlə razılaşdığım anlamına gəlməməlidir). Mən ağrılı məsələlərin açıq ictimai müzakirəsinin tərəfdarıyam. Yetər ki, iştirakçılar və söhbətlər ciddi olsun, mövzu və mövzuya münasibətlər aşağılanmasın, müzakirədə iştirak edənlərin şəxsiyyətinə toxunulmasın. Bunları yazmaya da bilərdim. Amma, bir çox hallarda bunun əksini gördüyümə görə, bu prinsipi vurğulamaq istədim. İndi, keçirəm əsas məsələyə.
Mənim üçün tarix (elmi demirəm) - arxa görüntü aynası kimidir. Sürücülər yaxşı bilər - önə gedirsən, amma hərdən, başını döndərmədən və önündən diqqətini yayındırmadan arxaya baxırsan ki, oradan gələn, ya da gələ bilən təhlükəni önləyə biləsən. Arxa görüntü aynası qısasürən baxışlar üçündür. Arxaya çox baxsanız, öndən gələn təhlükəni görməyib, qəzaya düşəcəksiniz. Sürücülər bilir - arxaya baxmaq ehtiyacı ən çox ötəndə və dönəndə yaranır.
Tarix də belədir. Önə gedərkən, kimisə ötəndə, harasa dönəndə, arxaya baxmaq gərəkdir. Amma, yalnız önə gedərkən (!!!) Yerində durub arxaya baxmaqla daha çox çaşqınlıq yaradırıq özümüzçün. Toplumun yerində saydığına görədir, tarixi keçmişimizə bağlı bu qədər mübahisə etməyimiz. Önə getmirik, heç kimi ötmürük, dönməyə də qorxuruq, sanki. Keçmişlə bağlı söhbətlərdə batırıq.
Gələcək özü gəlmir. Gələcəyə doğru getmək, onu gətirmək lazımdır. Gələcəyi görmək üçün keçmişə baxmaq vacibdir. Əslində, keçmişə elə gələcəyi görmək üçün baxmaq gərəkdir. Nostalji olar, yoxsa. Keçmişin gələcəkdə təkrarlanmaması üçün, keçmişə hər dəfə yeni gözlə baxmaq lazımdır. Keçmişi təftiş etmək üçün deyil, gələcəyə yönəlik təfsir üçün lazımdır.
Heç bir saxtalaşdırmadan söhbət gedə bilməz. Tarixi saxtalaşdırmaq olmaz. Amma, uydurmaq olar. "Uydurmaq"la "saxtalaşdırmaq" arasında ciddi fərq var. Saxtalaşdırmaq - faktları dəyişdirmək, danmaq, gizlətmək deməkdir. Uydurmaq - yozumları yeniləmək məsələsidir. Uydurmanın ən yayılmış örnəyi - kontrfaktual tarix. Yəni, "filan şey olmasaydı", ya da "başqa cür olsaydı" kimi yanaşmalar.
Gələcəyi aydın görmək (vision) üçün kontrfaktual tarixi yanaşmaların (uydurmaların) rolu böyükdür. Bu, sadəcə təsəvvür, ya da təxəyyül məsələsi deyil. Bu, həm də intellektual cəsarət göstəricisidir. İntellektual cəsarət - varlıq və kimlik məsələlərindən kənara çıxmaq ehtirasıdır. Geniş təsəvvürünüz və/və ya zəngin təxəyyülünüz ola bilər, amma intellektual cəsarətiniz yoxdursa, gələcəyi görə (gətirə) bilməyəcəksiniz. Faktlara qarşı getməyi, onlardan sonranı görməyi bacarmaq tələb olunur bunun üçün. Hegel'çi deyiləm, amma Hegel'in, "Haqqın Fəlsəfəsi" əsərinin müzakirəsi zamanı tənqidçilərinə cavabı xoşuma gəlir. Tənqidçilər Hegel'ə demişdilər ki, onun nəzəriyyəsi faktlara uyğun gəlmir. Hegel də cavabında söyləmişdi: "Elədirsə, bu, faktlar üçün çox pis xəbərdir".
İndi, gəlirəm "Babək məsələsi"nə.
1. Babək Türk olubmu?
Bu sualın cavabı bizə nə verəsidir? Bu sualı əhəmiyyətdən salmaq istəmirəm. Siyasi yanaşıram, sadəcə. Bu suala cavab axtarmaqla nəyi görmək istəyirik gələcəkdə? Babək'in bədənindən hansısa qalıqlar olsaydı, DNT araşadırmasına göndərmək olardı. Genetiklər məsələni aydınlaşdıra bilərdilər. Lakin, hətta o halda belə, hansı siyasi məna çıxaracağımız daha böyük sual doğurur. Şovinizmi qətiyyətlə rədd edirəm və onu millətçilikdən ayırıram. Mən millətçiyəm, amma etnik mənada yox. Mənim millətçiliyim siyasidir. Mənim üçün Babək'in kökləri maraqlı deyil. Əsas odur ki, Babək burada olub, bizdə olub, bizim olub. Çıxarmalı olduğumuz nəticə budur. Yalnız bu cavabla biz gələcəyə gedə bilərik. Unutmayın, intellektual cəsarət varlıq və kimlik məsələlərindən kənara çıxmağı tələb edir. "Babək bizimdir" deyəndə, biz tarixi saxtalaşdırmırıq, biz onu uydururuq (fərqini izah etmişdim) və bunu etməyə haqqımız da var, ehtiyacımız da. "Babək bizimdir" cavabı Azərbaycan'ın, bir coğrafiya kimi, mənəvi bütövlüyü üçün vacibdir. Siyasi mənası da həm aydındır, həm də güclü. Gələcəyi çox aydın görmək olur. "Babək Türk olubmu?" sualı, bu baxımdan, nəinki yardım etmir, əksinə, mane olur (cavabı hər nədirsə).
2. Babək İslama qarşı vuruşubmu?
Birinci sualdan fərqli olaraq, bu sual daha əhəmiyyətlidir. Ənənəvi (həm elmi, həm bədii) təqdimatlarda Babək'in İslama qarşı vuruşduğu deyilir. Əsas kimi, Babək'in müsəlman olmadığı, İslamda kafir hesab olunan Xürrəmilər Hərəkatına rəhbərlik etdiyi götürülür. Ciddi əsasdır. Təcavüzkarın/işğalçının aydın ideoloji kimliyi olanda, işğala qarşı mübarizədə əks-ideoloji alətlərdən istifadə etmək - çox təsirli səfərbərlik tədbiridir. Odur ki, Babək'in İslama qarşı çağırışlarında dərin ideoloji məna axtarmağı doğru saymıram. Əks təqdirdə, gələcəyi aydın görə bilməyəcəyik.
Bir dəfə yazmışdım bunu. "Dini müharibələr" ifadəsini hərfi mənada qavramaq doğru deyil. Mənim müharibələrə yanaşmam materialistikdir. Müharibələr, ideoloji ziddiyyətlərdən deyil, coğrafi zərurətlərdən, maraqların toqquşmasından, geoplitik təhlükələrdən, sərvətlər uğrunda mübarizələrdən və s. doğur. Din burada bir alətdir, sadəcə (əsgərlərin döyüş ruhunu yüksəltmək, müharibənin özünə və müharibədə iştiraka haqq qazandırmaq üçün istifadə olunur).
Babək'in Xilafətə qarşı müharibəsinə də bu cür baxmaq gərəkdir. Xilafətin çox aydın ideoloji kimliyi vardı - İslam. Xilafət burada təcavüzkar tərəfdi. Müdafiədə səfərbərliyi təmin etmək üçün, Babək İslama qarşı çağırışlar etməyə məcburdu. Xürrəmilik bu mənada ən çatımlı və asan alətdi. Başqası olsaydı, ondan istifadə edərdi. Unutmayın, Babək Xilafətlə akademik mübahisə aparmırdı. İndiki dildə desək, özünü-müdafiə savaşına rəhbərlik edirdi. Əlinin altında olan resurslardan istifadə etməliydi. Müdafiənin təşkil olunduğu coğrafiyada resursları, xüsusilə insan resurslarını səfərbər etmək üçün İslama qarşı çıxmaq gərəkirdisə, buna gedilməliydi. Hərbi baxımdan bunun orası-burası yoxdur.
"Babək İslama qarşı vuruşub" deməklə, gələcəyə baxışlarımızı pozmuş oluruq. Bu azmış kimi, bugünün özündə barışmaz ziddiyyətlər yaradırıq və, beləliklə, cəmiyyətimizi zəiflədirik. "Babək İslama qarşı vuruşub" ifadəsində, bugünun gözüylə baxanda, vurğu tamam başqa və çox təhlükəli yerə düşür. Nəticədə, müsəlmanlar Babək'i inkar edəcək, şərti desək, millətçilərlə mənasız mübahisələrə səbəb olacaqlar. Azərbaycan'ın gələcəyi üçün millətçilərlə dindarların mübahisəsi potensial təhlükələrlə doludur. 1920-ci ildə Bolşeviklər bu mübahisələrdən istifadə etmişdi. Nəticəsini bilirsiniz.
Azərbaycan'ın gələcəyi üçün millətçiliklə dindarlığın barışı nəinki mümkündür, həm də xeyli asandır (bu haqda ayrıca yazaram).
Odur ki, buraxın bu "Babək İslama qarşı vuruşubmu?" sualını. Unudun, demədim. Buraxın, dedim. Fakt olaraq vuruşub, amma bu, dəyərlər davası deyildi, işğala qarşı mübarizə olmuşdu. Babək, bugün müsəlmanların rahat yaşadığı Azərbaycan uğrunda vuruşub. Gələcəyə daşıya biləcəyimiz məna budur.
3. Babək'in zamanında Azərbaycan olubmu?
İngiliscə çox xoşuma gələn bir deyim var - it's not a matter of location, it's a matter of vocation. Tərcüməsi - məsələ yerləşmədə deyil, sözləşmədədir. "Babək'in zamanında Azərbaycan olub" deməklə, biz tarixi saxtalaşdırmırıq, uydururuq (fərqini izah etmişdim). Özümüzün bugünümüzü anlamaq, gələcəyimizi görmək üçün edirik bunu. Biz - Azərbaycanlıyıq. Azərbaycan - bizik. Biz buradayıq, buralar bizimdir.
Babək'in zamanındakı Azərbaycan - bizim bugünümüzün və gələcəyimizin çıxıntısıdır. Biz, önümüzdə gördüyümüz gələcək Azərbaycan'a doğru gədərkən, arxa görüntü aynamızda Babək'in Azərbaycan'ımızı qoruduğunu görürük.