"uçan adam"

Jan 15, 2015 00:56


Coşqun Eldaroğlu: "Məktəbdə yaxşı müəllimlərim olub. Təkcə riyaziyyatı, kimyanı, ədəbiyyatı öyrətməklə işlərini bitmiş saymayıblar, həyatı da öyrətməyə çalışıblar. İndi baxıram kimlər işləyir o məktəblərdə. Vaxtında düz-əməlli oxumayanlar dərs keçməyə başlayıb. Müəllimin ayağının falçıdan kəsilmədiyini eşidəndə bilmirsən, nə fikirləşəsən. Təsəvvür eləyin, 25-30 il əvvəl düşünürdük ki, müəllimlər ayaqyoluna getmir. Hardan hara gəldik.

Olar 1994, uzağı 95. Dəqiq bilmirəm, təkcə o yadımda qalıb ki, yuxarı siniflərdə oxuyurdum. Söz-söhbət yayıldı ki, rayonun “Stansiya” adlanan tərəfində bir oğlan peyda olub, uça bilir. Nələr danışmırdılar, ilahi! Deyirdilər ki, hər gecə Səudiyyə Ərəbistanına uçub geri qayıdır. Guya evinə gələn elektrik naqilinin üstündə hər gün 12 sərçə oturur. Bununla 12 imama işarə vururdular. Camaat axışdı bunun evinə. Bakıdan, Sumqayıtdan, Xaçmazdan, Qubadan yanına gəlirdilər. İnsanlar möhkəm inanmışdı ki, el dili ilə desək, ona vergi verilib. İnanmayacaqsız, amma övladı olmayan cavan oğlanlar həyat yoldaşını gətirirdi onun yanına ki, əlini qadının qarnına sürtsün, uşaqları olsun. Kasadakı suya tüpürürdü, adamlar aparıb xəstəsinə içirdirdi. Dəhşət idi! Yazdıqca camaatın yerinə xəcalət çəkirəm...

Məktəbdə kimya müəllimiz vardı - Ağabacı müəllimə. Nədənsə mənə həmişə qayğılı görünürdü. Saçları vaxtından əvvəl ağarmağa başlamışdı. Bir az yeyin danışırdı, sanki harasa tələsirdi. Elə bil narahat idi ki, 45 dəqiqəyə çatdırıb mövzu haqda hər şeyi danışa bilməyəcək. Heç vaxt dərsi yola verməzdi, işini vicdanla görərdi. Mən ona martın 8-də hədiyyə verildiyini görmədim. Heç kimdən də ummazdı. Martın 8-dən sonra heç kimə münasibəti dəyişməzdi. Həmin günlərdən birində yenə tələsə-tələsə valentlik haqda danışırdı. Sözünü kəsib sual verirdik, incimədən cavablayırdı. Birdən dayandı. Aramla danışmağa başladı. Dedi, bilirəm, hamınızın evində o oğlandan danışırlar, inanmayın, mövhumatdı, fırıldaqçılıqdı. Dedi, mən istəsəm sizə başa salmaram, Mendeleyev cədvəlindən danışıb, çıxıb gedərəm evə, amma vicdanım yol vermir, deməliyəm, inanmayın, insanların avamlığından istifadə eləyirlər...

Boz günlərdən biriydi. Yenə işıqları söndürmüşdülər. Yaxınlıqda yaşayan qohumlar bizə gəlmişdi. O qədər kasıbçılıq idi ki, hamı bir çəlimsiz şamın işığına toplanmışdı. Həmin oğlandan danışırdılar. Otaqdakıların sifət cizgilərini görmək mümkün deyildi. Ha çalışırdım ki, qaranlıqda mənimlə təxminən üzbəüz oturan anamın deyilənlərə reaksiyasını sezim, olmurdu. Heç bilmirəm ki, birdən danışanın sözünü necə kəsdim. Dedim, fırıldaqçının biri hamınızı məsxərəyə qoyub, boş-boş şeylərə inanırsız. Araya sakitlik çökdü. Elə bil heç kim susan adamın birdən etiraz eləməsini gözləmirdi. Hamı bir müddət susdu. Birdən qaranlığın lap dərinliyindən kimsə dilləndi: “Şəkk gətirmə, bala...”

Məni o qaranlıqdan həm də kimya müəlliməsi çıxardı...

Sonradan eşitdim ki, həmin oğlanın yanına həyat yoldaşının gətirən cavan uşaqlardan birinin qeyrət damarı tutub, gedib yapışıb onun yaxasından .Yəqin aldadıldığını başa düşüb. Dostlarıyla aparıb həmin oğlanı qamışlığa, döyə-döyə deyirmiş ki, uç, köpəyoğlu, uç, niyə uçmursan? O da ağlaya-ağlaya cavab verirmiş ki, uça bilmirəm axı..."

P.S. Yeri gəlmişkən, eşitdiyimə görə, Mikayıl Cabbarovun təyinatından sonra Təhsil Nazirliyində həcc ziyarətində olanlara xüsusi rəğbət göstərilir.

təhsil, debillər seriyasından, facebook

Previous post Next post
Up