Tabular

Jul 23, 2014 14:48

Ölkəmizin hər bölgəsinin özünəməxsus tabusu var, deyəsən. Məsələn, Kürdən aşağı bölgələrin tabusu Əli, Həsən, Hüseyn və digər imamlardır. O bölgədə allahsız da ola bilərsən, peyğəmbəri də tanımaya bilərsən, uzaqbaşı səninlə razılaşmazlar. Elə ki, Əli və digər imamlar haqqında nəsə artıq-əskik danışsan, o dəqiqə səni yortarlar. Elə bu yaxınlarda Sabirabadda bir sələfinin təhqiramiz şəkildə saqqalının kəsilməsi də bu qəbildən baş verən hadisədir.

Qazax bölgəsinin sevimli tabusu Səməd Vurğundur. Onun haqqında ağzını açıb bir kəlmə söz desən, sevimli qazaxlılar o dəqiqə deyən şəxsi yarpaq xəngəli kimi doğramağa hazır vəziyyətə gəlirlər. Dünən Hikmət Hacızadə Səməd Vurğun haqqında xeyli kəskin fikirlər söyləyib. İnanın, Hikmət bəyə yazılmayan təhqir qalmadı. Yeganə gətirdikləri əks arqument isə budur: bəs Səməd Vurğun saf və təmiz Azərbaycan dilində şeirlər yazıb. Bir sözlə, az qala onu müasir Azərbaycan dilinin banisi elan etsinlər. Hikmət Hacızadə rusdillidir, ümumiyytlə, onun Azərbaycan ədəbiyyatı və Səməd Vurğun haqqında danışmağa mənəvi haqqı yoxdur və s. Ona görə də öz fb hesabımda belə bir status yazdım:

"Bir çoxları Səməd Vurğunu ən azı təmiz və saf Azərbaycan dilində şeirlər yazmasına görə ittiham etməyi düzgün saymır. Amma bu, həddindən artıq cılız arqument olmaqla yanaşı, şifahi xalq ədəbiyyatından, aşıq yaradıcılığından xəbəri olmamağın təzahürüdür. Üstəlik:

1. Hər kəsə yaxşı işinə görə "sağ ol" deyildiyi kimi, pis əməlinə görə də ittiham irəli sürülməlidir. Adamın şeir yazmaqla yanaşı, yaltaqlıq, məddahlıq, donosbazlıqla məşğul olması danılmaz faktlardır. Ona qarşı ittihamlar da bu faktlar üzrə yağdırılır.

2. Aşağıda Aşıq Qurbaninin Səməd Vurğundan 400 il əvvəl yazdığı gəraylısını paylaşıram. Baxın görün, kim daha saf və təmiz Azərbaycan dilində şeir yazıb. Səməd Vurğun da, sadəcə, bu ənənəni davam etdirən aşıq-şairlərdən biri olub. Bundan artığı yoxdur...

Aldığım

Səhərin dan yeri kimi,
Əsmə, qadasın aldığım!
Mənim səbrü-qərarımı
Kəsmə, qadasın aldığım!

Bizim bağda gül dərginən,
Sıx könlümə, tel hörgünən,
Ağ üzdən busə verginən,
Əsmə, qadasın aldığım!

Qurbani aşiq üzünə,
Qurbandı ala gözünə,
Baxma yadların sözünə,Küsmə, qadasın aldığım!"

Bu statusun altında FB dostluğumda olanlardan biri mənə söyüş yazmışdı:) Əlbəttə ki, belə ünsür bundan sonra dostluğumda qala bilməzdi. Silib göndərdim tabusunun yanına...

ədəbiyyat, bizimkilər, facebook, Azərbaycan dili

Previous post Next post
Up