Son zamanlar avropalılarla söhbətlərimdə tez-tez prezidentimlə fəxr etdiyimi deyirəm. Niyəsi ilə maraqlansalar, cavabım belə olur: “Ona görə ki, Avropada bircə avtoritet var, o da Azərbaycan prezidentidir”. Qərbin, Avropanın bizim kimi ölkələrə münasibətdə uyğuladığı ikili standartlardan danışmaq, 11 sentyabrın ABŞ-ın öz əməli olduğunu demək qədər trivialdır. Olsun, təkrardan ziyan gəlməz - çox ikiüzlüdürlər. Bunlar axırda elə bir vəziyyət yaradacaqlar ki, hər bir azərbaycanlı YAP-la qürur duyacaq.
Bəlkə də arzuladıqları budur - Azərbaycan Türkmənistan olsun, birdəfəlik problem çözülsün, onlar da öz işlərini bilsinlər. Narazılar da tökülüşsün Avropaya, mühacir statusu alıb sakitcə otursunlar.
Türkmənistanla işləmək Avropa üçün bilirsiniz necə rahatdır? Dövlətlər də, özəl sektor da birbaşa yeni Türkmənbaşı ilə danışırlar, qiymət öldürürlər, bazara girirlər. Sırf biznes! Bu ölkədə başqa heç bir maraqları, türkmənlərdən hansısa gözləntiləri yoxdur. Ölkə təbəəsi ilə təmas sıfır həddindədir, orada heç kəs “vətəndaş cəmiyyəti quruculuğu” kimi girdirmə sözlər eşitməyib, odur ki, avropalıların da başı dincdir. Bütün məsələləri padşahla həll edirlər. Bunların içərisində ən səmimisi Özbəkistandır. Orada “vətəndaş” sözünə “füqara” deyirlər. Pasportda da belə yazılır: “O’zbekiston Respublikasi fuqarosi”.
Neftə-qaza, beynəlxalq əhəmiyyətli kontraktlara, konsorsiumların sabitlik arzularına, Rusiya və İran kartlarına çox arxayın olan Azərbaycanın məlum şıltaqlıqları bir yana, amma hərdən bizimkilər tutarlı arqumentlər də səsləndirirlər. Odur ki, Səməd Seyidov və Ramiz Mehdiyevin müsahibələrini ləzzətlə oxuduğumu deməliyəm.
Avropanın və ABŞ-ın ikiüzlülüyündən tək Azərbaycanın müxalif kəsimi, ictimai sektoru, kreativ sinfi yox, iqtidarın özü də yorulub. YAP-istlər Avropa və ABŞ haqda danışanda, münasibət bildirəndə sifətlərindən bəlli olur ki, əzab çəkirlər, iyrənirlər, bildikləri hər şeyi deyə bilmədiklərinə görə yanıb tökülürlər. “Gözlərindən gəlsin elədiyimiz...” demək istəyirlər ki, birdən özlərinə hakim olurlar, susub başlarını bulayırlar.
Səməd Seyidov da nəyi var düz danışıb. Avropa bizə bərabərhüquqlu əməkdaşlıq təklif edirsə, deməli, Səməd Seyidovun da onların polis idarələrində, qaçqın düşərgələrində, müvəqqəti saxlanma məntəqələrində yoxlamalar aparmağa haqqı çatır. İnsan haqlarının durumu üzrə monitorinq və hesabatlar nə üçün yalnız Azərbaycana şamil edilməlidir? Qərbi Avropa ölkələrində monitorinq aparmağa, hesabat yazmağa heçmi ehtiyac yoxdur? Niyə bu imkanı, bu şəraiti Səməd Seyidov üçün yaratmırlar? Ən azından bəhanəsini kəsməkdən ötrü. Axı bəhanə də, ciddi bəhanədir.
Biz bu Avropanı Ukrayna hadisələrində də gördük. Gördük ki, Kiyevdə baş verənlərə inqilab, Şərqdə edilən oxşar hərəkətlərə isə separatçılıq dedilər. Şəxsi simpatiyalarımızı, Ukrayna xalqı ilə həmrəyliyimizi, xoxol qızların gözəlliyini qoyaq bir kənara. Bu sual Avropa mətbuatını da narahat edən sualdır - Ukrayna böhranı nəyə lazım idi? Bu həddə çatmasına görə Avropa və ABŞ siyasətçiləri məsuliyyət daşımırlarmı?
Bizim moşenniklər “Qarabağ”ın, “erməni”nin, “vətən”in şitini elə çıxarıblar ki, adam deməyə də utanır, amma Avropanın illərdən bəri sərgilədiyi bir başqa ikiüzlülüyü separatçılığa və separatçılara ziddiyyətli münasibəti deyilmi? Bütün separatçılara yox deyən, inkar edən Avropa, erməni separatçıları ilə nədənsə çox mehribandır. Başqa separatçıların Şarl Aznavuru yoxdur deyə?
Avropa öz dəyərlərinə bağlı, prinsiplərinə sadiq, əqidəsində ardıcıl olsaydı, onunla heç kəs bu cür məzələnə bilməzdi. Bizim iqtidar avropalıların yanında gözükölgəli deyil, əksinə avropalılar bu iqtidarın qarşısında başı aşağıdırlar, nazını çəkməyə məcburdurlar. AŞPA çox sağ ol desin ki, Avropalı deputatlar Milli Məclisdən təhqir eşitmədən çıxıb gedə bildilər. O parlamentin divarları “Jak Şirak qudurub!” sədasını da yaxşı xatırlayır.
Fransanın indiki prezidenti haqda “qudurub” demək də ədalətsizlik olardı. Fransa Fransa olalı, Fransua Olland qədər mağmın prezident görməmişdi. Bizdə gözləyirdilər ki, gəlib Bakıda inqilab edəcək, Leyla Yunusla ərinin pasportlarını qaytaracaq, bir-iki vicdan məhbusunu da azad edəcək. Heç biri olmadı. AŞPA-nın vitse-prezidentinə viza verməyəcək qədər qüdrətli bir dövlət Olland filan hərləməz.
Gah Ştrasseri siyasi məhbuslar üzrə məruzəçi təyin edib, sonra məruzəsini rədd edirlər, gah da Pedro Aqramunt timsalında Azərbaycan hökumətinə dərin “lizinq” çəkib, Bakıda “məhbusları azad edin” qışqırırlar. Azərbaycan hökuməti isə “siyasi məhbus kimə deyirlər?” soruşub bunları “prikola” tutur. “Siz gedin əvvəl müəyyən edin ki, siyasi məhbus kimlərə deyilir”. Təbii ki, adamla belə məzələnməyin də bir qiyməti olmalıdır - puluna, layihəsinə minnət. Hökumətimiz, bunların qiymətini avro ilə, vaxtı-vaxtında ödəyir deyə Anar Məmmədlini, İlqar Məmmədovu, Tofiq Yaqublunu, Rəşadət Axundovu, Əvəz Zeynallını, Rauf Mirqədirovu, Zaur Qurbanlını, Üzeyir Məmmədovu, İlkin Rüstəmzadəni, Bəxtiyar Quliyevi, Məmməd Əzizovu, Şahin Novruzlunu, Rəşad Həsənovu, Ömər Məmmədovu həbsə atıb, “Siyasi məhbus kimlərə deyirlər ki?” soruşa bilir.
ABŞ-ın ölkəmizdəki dan ulduzu Morninqstarı da Ramiz müəllim öz monumental müsahibəsi ilə susdurub oturtdu yerinə. Belə də olmalı idi. Adama deyərlər gedənə yaxın nə ağzını açıb qoymusan Allah yoluna? Ürəyini boşaltmağa münasib vaxt tapmısan? Biz bu Morninqstarın yerlisi Eskuderonu da yaxşı xatırlayırıq. Səfirliyini başa vurub yoxa çıxdı, sonra biz onu YAP-ın Binəqədi rayon şöbəsindən tapıb çıxardıq. İndi biz nə bilək ki, Morninqstar da YAP-ın Səbayel şöbəsinə üzv olmaq istəmir? Sabah tutaq ki, bir zapravka açıb hansısa oliqarxla şərikinə işlətsə, nazirlərlə qol-boyun şəkillər çəkdirib, meşələrdə ov ovlasa, quş vursa, “lox” yerində qalan biz olmayacağıq?
Avropanın, Qərbin riyakarlığından narahat olmayacaq qədər kosmopolit imicim olsa da, “kor kor, gör gör” - hər şey göz önündədir və adı ilə çağırılmalıdır. Mən Avropanın qırmızı xəttinin nə olduğunu bilmək istəyirəm. Onun belə bir xətti var, ya yox?
İcazənizlə, yazını öz şeirimdən misra ilə bitirim:
Avropalılar çox gedirdi yuxarıdan,
Dəydi təpik onlara daldan.
Əli Əkbər UPD