Qori seminariyası

Mar 30, 2013 11:52



1876-cı ildə Qori müəllimlər seminariyası açılanda orada Azərbaycan bölməsi olmur. O vaxt Qafqaz canişininin baş dəftərxanasında mülki işlər sahəsində Şərq dilləri mütərcimi vəzifəsində işləyən Mirzə Fətəli Axundov və Tiflis müsəlman məktəbinin şəriət müəllimi Mirzə Hüseyn Qayıbzadə həmin seminariyada Azərbaycan şöbəsinin açılması üçün Çarın Qafqaz canışını, böyük knyaz Mixail Nikolayeviç Romanova yalvar-yaxar edirlər:

"Cənab canişin, biz rusların, xristianların vəzifədə olmalarından narahat deyilik. Demirik ki, savadsız müsəlmana vəzifə verilsin. Ancaq heç olmasa, beş idarədən birində bir vəzifəli şəxs, ya da kargüzar işçi bizim xalqın nümayəndəsi olsa, pis olmaz. Kənddən gələn rəiyyət qalır gözünü döyə-döyə, dediyini başa düşmürlər"

Axundov daha sonra canişinə Peterburq Universitetinin professoru Mirzə Cəfər Topçubaşov, maarif xadimi Həsən bəy Zərdabi və Peterburq Universitetinin fəxri doktoru Mirzə Kazım bəy haqqında xüsusi məlumat verərək bildirir ki, bu böyük zat təkcə Rusiya Elmlər Akademiyasının müxbir üzvü deyil, həm də Londonda Böyük Britaniya və İrlandiya Kral Cəmiyyətinin, Kopenhagendə Şimali Antikvarilər Kral Cəmiyyətinin üzvü seçilmişdir. Azərbaycanlı oğullar Fransada, Almaniyada, Vyanada, Rusiyada ali təhsil alırlar. Ancaq hamı bunu edə bilmir. Müsəlmanları geridə qalmış xalq kimi dəyərləndirən Qafqaz canişini qarşısında dayanan Mirzə Fətəlini və Mirzə Hüseyn Qayıbzadəni xeyli süzüb layihələrini alır və bir xeyli fikrə gedir.
"Siz ayrıca seminariya istəyirsiniz. Layihədə də göstərirsiniz ki, məktəb ya Tiflisdə, ya da azərbaycanlıların yaşadığı bir xristian şəhərində açılsın. Burası bir az çətinlik törədir. Bunun üçün yaşayış yeri, təhsil üçün bina, müxtəlif ləvazimatlar lazımdır. Bilirsiniz ki, indi ölkə müharibə içindədir, xərc məsələsi də bir yandan. Zənnimcə, məktəbin gürcü və ermənilər kimi hələlik Qori şəhərində açılmasına etiraz etməzsiniz". Bununla da məsələ həll olunur. Canişin vərəqi əlinə götürüb yazdığını bərkdən oxumağa başlayır:
"Ölkənin azərbaycanlı əhalisi üçün Zaqafqaziya Müəllimlər Seminariyası yanında təcrübə məqsədilə üç il müddətinə müstəqil Azərbaycan şöbəsi açılsın. Təcrübə yaxşı nəticə verərsə, üç ildən sonra həmin şöbəni azərbaycanlılar üçün müstəqil seminariyaya çevirib, Qoridən Azərbaycanın mərkəzinə köçürülsün!".

Beləliklə, 1879-cu ildə Qafqaz Təhsil Dairəsinin göndərdiyi 8762 saylı dəftərxana sənədi görkəmli maarifpərvərlərin və bu yolda çalışan Azərbaycan ziyalılarının arzularını həyata keçirdi.

Mənbə

tarix, azərbaycanlılar, maraqlı

Previous post Next post
Up