Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə
MÜRACİƏTindən:
"Möhtərəm cənab prezident!
Bilirsiniz ki, Sizin atanız, mərhum prezident Heydər Əliyevin və Azərbaycanın ən çətin vaxtlarında, müstəqilliyimizin təhlükə altında, ölkəmizin isə vətəndaş müharibəsi ərəfəsində olduğu vaxtlarda hər zaman onun yanında olmuşam. Bütün Azərbaycan xalqına məlumdur ki, hakimiyyətin güc strukturlarının zəif olduğu dönəmlərdə mən və ətrafımdakı vətənpərvər gənclər həyatımızı riskə ataraq Heydər Əliyevin təhlükəsizliyini təmin etmiş və əlimizdən gələn hər cür dəstəyi göstərmişik. Bu, mənim Tarix, Vətən və Millət qarşısında vətəndaşlıq borcum idi. Xahiş edirəm, bunu minnət kimi qəbul etməyin. Çünki mən mərhum Heydər Əliyevə haqqımı çoxdan halal etmişəm. Amma bir şeyi qeyd etmək istərdim ki, bu gün mənə qarşı çirkin oyun aparanları o çətin günlərdə Heydər Əliyevin yanında görməmişəm. Ona görə də inanmıram ki, prezident İlham Əliyev mənə - yaxından tanıdığı Hüseyn Abdullayevə qarşı belə bir mövqe tutsun.
Doğrudur, 2007-ci ildə Milli Məclisdəki çıxışımla bağlı Sizə yanlış məlumat verdilər və dünyada ilk dəfə olaraq deputatlıq toxunulmazlığı hüququm ləğv olunmadan qanunsuz şəkildə həbs edildim, barəmdə qondarma ittihamla cinayət işi açıldı. Buna baxmayaraq, mən Sizdən incimədim. Çünki mən Heydər Əliyev ideyalarına sadiq idim və bu gün də sadiqəm. Halbuki hökuməti və hökumət üzvlərini tənqid etməyim əsassız deyildi. Çünki onlar xalqla Sizin aranızda böyük uçurum yaradırlar. Sizin son çıxışınız da əslində mənim o vaxtkı mövqeyimin təsdiqi idi.
Cənab prezident!
Müraciətimin sonunda bir məqamı da diqqətinizə çatdırmaq istərdim. Məndə olan məlumata görə, Azərbaycan Respublikası Prezidentinin iqtisadi məsələlər üzrə köməkçisi, Prezident Administrasiyası rəhbərinin müavini Əli Əsədov ABŞ-ın Azərbaycandakı səfirliyinin nümayəndələri ilə görüşərək Sizin adınızdan onlara səfirlik binası üçün alternativ yer təklif etmişdir. Halbuki uzun müddətdir müxtəlif bəhanələrlə ABŞ səfirliyinə yeni bina tikintisi üçün Bakıda istədikləri yerlər ayrılmır. Bu gün isə Hüseyn Abdullayevin müqavilələrinin baş tutmaması üçün onlara alternativ yerlər təklif olunur.
Altı ilə yaxın bir müddətdə hökumətdə təmsil olunan bəzi məmurların mənə qarşı məkrli planlarına səbirlə yanaşdım, lakin bu adamlar heç dəyişmədilər. Çıxış yolu olaraq Sizə müraciət etməyi qərara aldım. Bir daha diqqətinizə çatdırmaq istəyirəm ki, üzləşdiyim qanunsuzluqların Sizin göstərişinizlə baş verdiyinə inanmıram. Hesab edirəm ki, bütün bunlar 2007-ci ildə mənə qarşı çirkin oyunlar quran bəzi məmurların növbəti məkrli əməlləridir. Bu adamların mənə qarşı qərəzinin səbəbi hələ də mənə aydın deyil. Mən heç bir siyasi iddiası olmayan sahibkar və iş adamıyam. İnanıram ki, bir sahibkar və iş adamı olaraq bu gün üzləşdiyim qanunsuzluqların və fəaliyyətimə yaradılan əngəllərin aradan qaldırılmasına göstəriş verəcəksiniz."
P.S. Türklər demişkən: Rüzgar əkən, fırtına biçər.