Adama deyərlər, iyirmi ildən çoxdur sərhədlər açılıb. Necə oldu, bu iyirmi il ərzində siz bura it ətindən dönər, hələ bircə zəlzələ təcrübəsi keçməmiş sarsaq-sarsaq binalar, çit-mitdən başqa bir şey gətirmədiniz? Kitabınızı, kinonuzu, dünyada ən qədim xalq teatrlarından olan teatrınızı gətirmədiniz. Niyə sizin Azərbaycana gətirdiyiniz incəsənət nümunələri evdə dikdabanla gəzən yekədöş qızlarla dolu «it gəldi, örkən apardı» seriallar, beş klipində eyni taxtın üstündə sevişən səy müğənnilər, İbrahim Tatlısəslə yekunlaşdı?
Niyə iyirmi ildən sonra Bakıda kitab dükanını yenə ruslar açdı? 1. Başlayaq orta statistik türkün yekəxanalığından və xırda millətlərin nümayəndələrini bir balaca fağır görən kimi onları qapazaltı eləmələrindən. Bu xəstəlik təkcə türklərə yox, dünyanın bütün imperiya xalqlarına xasdır. Elə orta statistik ingilis, rus, fars da günü bu gün eyni xəstəlikdən əziyyət çəkməkdədir. Hətta deyərdim türklər bu azarın daha yüngül formasına mübtəla olublar.
2. Türklərin azərbaycanlılar haqqında təsəvvürləri də nə yazıq ki, ortalığa çıxartdığımız məhsula görə qiymətləndirmədir. Türkiyəyə siz bir aktiv ziyalı olaraq ildə iki dəfə gedirsiniz, amma tacirlərimiz və fahişələrimiz hər gün oradadırlarsa, onda türklərin bizim haqqımızda təsəvvürlərinin onlar əsasında formalaşmasına niyə təəcüb edirsiniz? Axı türklərin gördüyü
“Nadir Qafarzadənin xalqı”dır! Biz nə vaxt dünyaya Tolstoy, Dostoyevski, Tarkovski və s. kimi dahilər bəxş etdik ki, onlar da bunu eşidib, oxuyub, duyub qiymətləndirmədilər? O ki qaldı Axundova, Əli bəy Hüseynzadəyə, Məmməd Əmin Rəsulzadəyə, onları özümüzdən başqa kim tanıyır ki? Əgər ölkədə təhsilin səviyyəsi indiki tendensiyada davam eləsə, bir neçə ildən sonra Axundovu heç ölkəmizdə də tanıyan olmayacaq.
3. Sərhədlər açılandan sonra türklərin ölkəmizə ixrac etdiyi məhsullara gəlincə, bu sırf bazar məsələsidir. Nəyə tələbat varsa onu qarşılamaq dünyanın istənilən ölkəsinə xas xüsusuyyətdir. Yəni söhbət bazarın ali qanunu olan tələb və təklifdən gedir. Yaxşı, soruşuram, tutaq ki, Türkiyə burada kitab mağazası açdı. Vətəndaşlarımız heç ana dilində olan kitabları oxumadığı halda, türk dilindəmi kitab alıb oxuyacaq? (Yeri gəlmişkən, səhv edirsiniz, “Nil” kitab mağazaları rusların mağazasından daha öncə açılıb və orada da kifayət qədər kitabl var, alıb oxuyan olsa). Bir də Rusiyanın ölkəmizdə kitabxana açmaqdan, köhnə silah satmaqdan başqa əlindən nə gəlir? Bu ölkəni tursik-mayka ilə Çin və Türkiyə təmin edirsə, adi bir televizor istehsal edə bilmirsə, bizə nə verə bilər?
4. Karl Marksın təbirincə desək, insanlar elm, mədəniyyət və siyasətlə məşğul olmamışdan əvvəl yeməli, içməli, geyinməli və mənzil sahibi olmalıdırlar. Siz türkləri buna görəmi qınayırsınız?
5. Nədənsə, bilərəkdən ya da bilməyərəkdən, adını molla, nurçu nə bilim nə qoysaq belə, türk liseyləri diqqətdən qaçırılıb. Gəlin, baxaq görək bu liseylərdə kimlər və niyə oxuyur? Desəm ki, əksəriyyəti rusdilli ailələrin uşaqlarıdır, inanmazsınız. Şübhəsiz, söhbət Bakı şəhərindəki türk liseylərindən gedir. Onda sual verirəm, niyə ailəsində rusca danışan, Tolstoyu, Dostoyevskini orijinaldan oxuyan, Tarkovskinin filmlərinə rus dilində baxan azərbaycanlılar övladalrının gələcək taleyini orta məktəblərin rus bölmələrinə yox, dönərsatan türklərin liseylərinə etibar edirlər? Gəlsin Rusiya da Azərbaycanda bir orta məktəb açsın görək, onlar türk liseyləri ilə rəqabətə davam gətirə biləcəkmi? Ali məktəblərə gəlincə, ölkədə türklərin Qafqaz Universiteti və rusların Lomonosov adına MDU-nun Bakı filialı fəaliyyət göstərir. Hansında təhsilin müasir tələblərə cavab verdiyini izah etməyə ehtiyac varmı? Baxmayaraq ki, məlum səbəblərə görə, Azərbaycan hökumətinin bir əli MDU-nun Bakı filialının üstündədir. Müasir kampus, dövlət büdcəsindən maliyyə, diqqət, qayğı və s.-də öz yerində. Buyursun, ortaya ciddi nəticə qoysun dünyaya böyük dahilər bəxş etmiş dövlətin açıdğı ali məktəb, biz də səsimiz kəsib oturaq yerimizdə.
6. Məqalədəki ən böyük səhv isə odur ki, axtardığınız ingilis, fransız və alman ədəbiyyatını orjinalda oxuyan türklərin bura buraxılmadığını yaddan çıxarıbsınız. Onlar bura gəlmək istəyirdilər, amma buraxılmadılar. Çünki burada onlara yox, başqa türklərə ehtiyac var...