Bildiyiniz kimi, Milli Televiziya və Radio Şurasının (MTRŞ) qərarı ilə bu gündən etibarən yerli TV-lərdə xarici ölkələrin istehsalı olan serialların yayımı qadağan olunub. Dünya zəhmətkeşlərinin həmrəyliyi günündə dövlət tərəfindən MTRŞ-nin əli ilə verilən bu qərarı yerli zəhmətkeşlər üçün əla “bayram payı” da hesab etmək olar. Olsun, onunla bir işim yox, məni maraqlandıran verilən yasaq qərarının hansı qanunla tənzimlənməsidir. Yəni bu qərar qəbul edilərkən hansı qanunun, hansı maddəsinə istinad olunub? Bəri başdan deyim heç birinə, yazılmamış mentalitet qanunundan başqa...
MTRŞ rəhbəri bununla bağlı bir neçə dəfə bildirib ki, xarici seriallar xalqın milli mentalitetinə böyük zərbə vurur, insanların psixologiyasına pis təsir göstərir. Adamdan soruşan yoxdur ki, ay əkə, sən dövlət tərəfindən televiziya və radio fəaliyyətinin hüquqi, iqtisadi və təşkilati əsaslarının həyata keçirilməsinə nəzarət edən mərkəzi icra hakimiyyəti orqanının rəhbərisən, yoxsa mentalitet qarovulçusu? Dəhşətlisi odur ki, bu günə kimi heç bir yerli TV-nin nümayəndəsi MTRŞ və onun rəhbərindən bu qərarı hansı qanuna istinad edib qəbul olunduğunu soruşmayıb (bəlkə də soruşub, amma rastıma gəlməyib).
Bu gün maraq üçün həm ölkə konstitusiyasını, həm
"Televiziya və radio yayımı haqqında" AZƏRBAYCAN RESPUBLİKASININ QANUNUnu, həm də digər normativ-hüquqi sənədləri ələk-vələk elədim, bir şeyə rast gəlmədim, “Televiziya və radio yayımı haqqında" qanunun 32-ci maddəsində yazılan bir bənddən başqa:
Maddə 32. Proqrama verilən tələblər
...
32.0.9.milli-mənəvi dəyərlərin qorunmasına ardıcıl şəkildə əməl olunmalıdır.
...
Nə gözəl, deməli, sabah adıçəkilən qanunun bu maddəsinə istinad edib xarici ölkələrin istehsalı olan bütün filmləri, cizgi filmlərini, sənədli filmləri də qadağan etmək olar. Səbəb ortadadır: milli-mənəvi dəyərlərin qorunması. İş burasındadır ki, bir balaca ağlı yerində olan adam bilir ki, qanun konkret hala və situasiyaya tətbiq olunur. Yəni qanun konkret proqrama (film, serial və s.) tətbiq olunur o halda ki, həmin proqram qanunun hər hansı maddəsinin hər hansı bəndini, o cümlədən 32.0.9-bəndini pozmuş olsun. Daha doğrusu, hansı serial qanunun tələblərindən hər hansı birini pozursa, o serial həmən efirdən yığışıdrılmalıdır. Bunu isə MTRŞ serialı yayımlayan kanala rəsmi məktubla xəbərdar etməlidir ki, konkret serialın efirdən yığışdırılması üçün tədbirlər görsün.
Daha maraqlı bir misal. Konstitusiyanın 32-ci maddəsində görün nə yazılır:
Maddə 32. Şəxsi toxunulmazlıq hüququ
III. Öz razılığı olmadan kimsənin şəxsi həyatı haqqında məlumatın toplanılmasına, saxlanılmasına, istifadəsinə və yayılmasına yol verilmir. Qanunla müəyyən edilmiş hallar istisna olmaqla, heç kəs onun xəbəri olmadan və ya etirazına baxmadan izlənilə bilməz, video və foto çəkilişinə, səs yazısına və digər bu cür hərəkətlərə məruz qoyula bilməz.
"Televiziya və radio yayımı haqqında" qanunun 40-cı maddəsində isə belə yazılır:
Maddə 40. Yayımçıların hüquq və vəzifələri
...
40.2.2.pornoqrafik materialları yaymamaq;
...
40.2.4.insanların şəxsi və ailə həyatına, işgüzar nüfuzuna, şərəf və ləyaqətinə hörmətlə yanaşmaq;
...
Amma günün günorta çağı Lider TV konstitusiya və qanunla qadağan olunmasına baxmayaraq, özgəsinin yataq otağına soxularaq şam tutur və bunun “işığı” ilə efirini “nurlandırır”. Görəsən, MTRŞ Lider TV-ni qanunları tualet kağızına döndərməsi cəhənnəmə, milli mentalitetə tüpürməsinə niyə reaksiya vermir? Bəlkə MTRŞ-nin nəzərdə tutduğu mentalitet elə Lider TV-nin efirindən göstərilən pornoqrafiyadır, bizim xəbərimiz yoxdur?..
Sonda postun adını elə-belə qoymamışam: Azərbaycan Mentalitet Respublikası (AMR). Dünyada bir neçə islam respublikası var: İran İslam Respublikası, Pakistan İslam Respublikası, Əfqanıstan İslam Respublikası və s. Məlumdur ki, bu ölkələrin qanunları islam qaydalarına, şəriətə uyğun olaraq yazılıb. Bəs bizdə necədir? Ölkənin dünyəvi qanunları qalıb bir tərəfdə, qəbul edilən qərarlar mentalitetin süzgəcindən keçirilir. Nəticədə də ölkə dönüb olur mentalitet respublikası...
P.S. Yerli TV-lər qoyun kimi başlarını aşağı salıb MTRŞ-nin qanunsuz qərarına əməl edincə, məhkəməyə müraciət edib qərarı ləğv etdirə bilərlər, amma haradadır onlarda bu... əslində onları da qınamalı deyil, gərək ölkədə müstəqil məhkəmə olsun ki, şikayət edəsən, o da...