Dünya köhnə dünyadır, Sevgiləri təzədir. Görüşə gedəni var, Görüşdən gələni var. Kövrəlib ağlayanı, Ürəkdən güləni var. Son bahar yarpaqları Saralmış xatirədir. Dünyaya sevgi gəlir, Dünyadan sevgi gedir. Dağlarda qar əridi, Qışdan üzü yazadır. Hər eşqin özü qalır, Hər sevginin öz dadı.
Dünya köhnə dünyadır, Gülüşləri təzədir.
Çəmənlərə şeh düşür, Sırğa taxır çiçəklər. Çiçəkləri gülənlər Çəməndən dərəcəklər. Hər ürək çiçək kimi Məhəbbətlə açılır. Ömrümüzə bir eşqin Son ünvanı yazılır. Hər çiçəyin ünvanı Bir gülüzlü qızadır. Fikirli-qəmli gördü, Qızı o güllər qınadı.
Dünya köhnə dünyadır, Çiçəkləri təzədir.
Göylər baxıb göllərə Hər səhər güzgülənir. Hər axşam ulduzlardan Yeni sevgi ələnir. Ulduzların bizimlə Sirli bir söhbəti var. Sevənlərin köksündə Dəniz məhəbbəti var. Yenə də ömrümüzü Gül-çiçəklər bəzədi Xatirələr dil açdı Sevgi nəğməsi dedi.