Almaniya üzr istədi

Feb 24, 2012 12:20

II Dünya Müharibəsindən bu yana Almaniya bu şəkildə böyük zərbəyə məruz qalmamışdı. Söhbət fevralın 22-də "Yeni Azərbaycan" qəzetində yayımlanan  məqalənin bu ölkədə yaratdığı fırtınadan gedir.

Məqalənin işıq üzü görməsindən heç bir gün keçməmiş Almaniya dövləti təhlükəsizlik şurasının təcili iclasını çağıraraq vəziyyətdən çıxış yollarını arayıb. Məqalədə rasizm və korrupsiya kimi böyük bəşəri cinayətlərdə ittiham olunan Almaniya hökuməti heç olmasa rasizm ittihamından yaxa qurtarmaq üçün 2000-2007-ci illər ərzində neonasistlər tərəfindən qətlə yetirilən 8 türk, 1 yunan və 1 alman vətəndaşının yaxınlarından üzr istəmək məqsədilə Berlində rəsmi dövlət törəni düzənləyib. Tədbirdə çıxış edən kansler Angela Merkel deyib: "Sizlərdən, yəni qurbanların yaxınlarında üzr diləyirəm. Bir çox insan bu hadisələrdən dərin yaralar aldı. Qurbanların yaxınlarının acılarını anlayır, terror təşkilatının işlədiyi bu cinayətləri, eyni zamanda, ölkəmizə qarşı saldırı hesab edirik..." Çıxışının sonunda xanım kansler terror qurbanlarını sükutla anmağa dəvət edib.

Beləcə, köhnə Almaniyanın anasını "Yeni Azərbaycan" bu cür ağlatdı. Növbədə ABŞ-dır. ABŞ-ın ağ gününü Obamanın dərisinin rənginə döndərmək rəsmi dövlət qəzeti "Azərbaycan"a borc olsun. Çünki bu qəzet ABŞ-ı söymək üzrə çoxdan ixtisaslaşıb.

P.S. ABŞ, Almaniya və digər bizi istəməyən dövlətlər, yadınızdan çıxarmayın ki, biz yenicə şəxsiyyət vəsiqəsi almış gözəl vətəndaş Koroğlunun nəvələriyik.

Azərbaycan, mırt, almaniya

Previous post Next post
Up