Demək olar ki, hər il ənənəvi mərasimlər olanda bu barədə danışılır, xeyli müzakirələr, mübahisələr yaranır. Sözüm onda yox, olsun, kim necə istəyir o cür yaşasın, amma digərlərinin yaşam tərzinə mane olmamaq şərtilə. Bu gün işə gələndə metronun "28 May"-dan "Nizami" stansiyasına qədər olan məsafədə yaxınlıqdakı məscidlərdən səsgücləndiricilərlə oxunan mərsiyələrərin əks-sədası şəhərin mərkəzini başına götürüb. Ağlaşma indi də davam etməkdədir. Yəqin bu ətraflarda yaşayanlar və işləyənlər problemin nə qədər ciddi olduğunun fərqindədir. Təsəvvür edin ki, həmin ərazidə neçə orta məktəb, uşaq xəstəxanası və digər sosial-ictimai obyektlər var. Belə də ictimai məsuliyyətsizlik, hətta deyərdim özbaşınalıq olarmı? Yaxşı, səsgücləndiricilərlə azan verilir, canımızı dişimizə sıxıb buna birtəhər dözürük, bəs bu neçə saat ərzində mərsiyələr deyib, ağlaşma qurub insanların onsuz da gərgin əsəbləri ilə oynamağın, onların həyatını zəhərə qatmağın anlamı nədir? Bu, necə ənənədir, necə yasdır, necə imamın şəhadətini anmadır, başa düşmək olmur...
Şəhərdə gənclərin sakit şəkildə, heç kimə mane olmadan kitab oxuma aksiyasını
"ictimai asayişi pozursunuz", - deyə dağıdan Azərbaycan polisi səhərdən məscidlərdən baş-beynimiz aparan mollaların bağırtılarını niyə eşitmir? Niyə gedib minbərdən səsgücləndirici ilə bağıran mollaya, mərsiyəxana demir ki, ağlayırsız, başını yarırsız özünüz üçün, amma elə edin ki, səsiniz məscidin divarlarından çölə çıxmasın. Belə də biabırçılıq olarmı?
Bunlar bir tərəfə qalsın, iş yerimizin ətrafındakı gündəlik tələbat malları mağazalarının böyük əksəriyyəti işləmir. Hamısının qapısından "close" asılıb. Belə məsuliyyətsizlik, belə də sahibkarlıq fəaliyyəti olarmı? Bununla dövlətin və vətəndaşların hesabına fəaliyyət göstərən sahibkarlıq subyektləri birinci növbədə ölkə qanunvericiliyinə, ikinci növbədə isə vətəndaşlara qarşı sayğısızlıq göstərmirmi? Əlbəttə, kimsə deyə bilər ki, sahibkar özü bilər, nə vaxt istəsə obyektini aça və bağlaya bilər. Xeyr, əslində bu cür mexanizmlər qanunnvericiliklə, daha doğrusu, "
Sahibkarlıq fəaliyyəti haqqında" Azərbaycan Respublikası Qanunu ilə tənzimlənir:
Maddə 15. Sahibkarın məsuliyyəti
Sahibkar Azərbaycan Respublikasının qanunvericiliyinin tələblərinə əməl etmədiyi, öz öhdəliklərini icra etmədiyi və ya lazımi qaydada icra etmədiyi hallarda qanunvericiliyə uyğun olaraq mülki-hüquqi, inzibati və cinayət məsuliyyəti daşıyır.
Nə isə, hər il eyni şeyi özümüz deyib, özümüz eşidirik...