Zərdüşt Əlizadə: "Rafiq Tağı ədəb çərçivəsinə sığmayan sözlər demiş, hansısa səfeh ayətullah da fətva vermişdi. Bu isə İranı şərləmək üçün çox yaxşı fürsətdir. Yəni, bədbəxt Rafiq Tağını öldürürlər və yıxırlar İranın üstünə. Mən düşünmürəm ki, bunu Azərbaycan tərəfi həyata keçirsin. Azərbaycan tərəfi müstəqil şəkildə İranla intriqaya girə bilməz, çalışır ki, baş qoşmasın. Mənim fikrimcə, bu qətli İranı hədəfə almaq istəyən xarici qüvvələr təşkil edə bilərlər. Azərbaycan açıq məkandır, istənilən ölkənin kəşfiyyatı da, digər qüvvələri də gəlib burda istədiyini edir. MOSSAD-dan tutmuş CİA-ya qədər, KQB-dən tutmuş FSB-yə qədər bütün kəşfiyyat orqanları Azərbaycanda at oynadır, bu ölkədən cıdır meydanı kimi istifadə edirlər. Artıq elə bir vəziyyət yaranıb ki, istənilən normal xarici kəşfiyyat orqanı Azərbaycanda istədiyi əməliyyatı reallaşdıra bilər. Bizim kəşfiyyat orqanlarının əsas işi isə azərbaycanlıları tutmaqdır. Çalışırlar özümüzünküləri nəzarətdə saxlasınlar və öyrənsinlər ki, hökumətə qarşı nəsə deyirlərmi? Bir sözlə, onların diqqət mərkəzində Azərbaycan xalqıdır...
Hədəfdə müxalifət, yaxud mətbuat deyil, hədəfdə İranın imicinin zərbə altında qalmasıdır. Mətbuatı qorxutmaq üçün Elmar Hüseynovu öldürdülər, Mirzə Sakiti, Qənimət Zahidi, Eynulla Fətullayevi tutdular. Rafiq Tağının öldürülməsi isə İranın imicinin ləkələnməsi proqramı ilə həyata keçirilib. İranın düşmənləri kimdirsə, Azərbaycanla İranın münasibətlərini daha da gərginləşdirmək istəyən hansı qüvvədirsə, onlar da bunu həyata keçiriblər. Bu, ən çox İsrailə xeyirdir, bu mənada iddia etmək olar ki, bu qətl İsrail kəşfiyyatı trəfindən həyata keçirilib. Dünyada o qədər belə hadisələr var ki, İslama ləkə gətirir, amma İsrailin xeyrinə olur. Amma mən yüz faiz deyə bilmərəm ki, bunu İsrail kəşfiyyatı həyata keçirib. Buna baxmayaraq, mənim də məntiqi düşünmək hüququm var. Hesab edirəm ki, bu hadisə İrana xeyir gətirməz, amma İsrailin marağını təmin edər".
İnsafən, adam həmişə İranın müdafiəçisi olub. Zərdüşt bəy nə qədər savadlı, intellektual, liberal, sosial demokrat olsa belə, özünün fars soykökünə həmişə sədaqətli olub. Amma nədənsə, o, öz türk sosykökünə sayğılı olanları rahatlıqla şovinizmdə ittiham edir.
P.S. Zərdüşt bəyin İsraillə bağlı versiyası çox ağlabatan görünür...