Əli Həsənov: “Rafiq Tağı istər jurnalist, istərsə də başqa fəaliyyəti ilə heç vaxt hakimiyyətlə, dövlət strukturları ilə konflikti olmayan adam idi. İndi nə olub, ona qarşı sui-qəsdi kim edib, niyə edib kimi məsələlər öyrənilməlidir, axtarılmalıdır, tapılmalıdır. Bundan sonra məsələyə qiymət vermək olar”.
UPD.
Azərbaycan Yazıçılar Birliyinin sədri, xalq yazıçısı Anar: “Biz Rafiq Tağıya qarşı sui-qəsdi qətiyyətlə pisləyirik. Yazıçının bıçaqlanması çox ağır bir cinayətdir. Ümumiyyətlə hər hansı bir insanın bıçaqlanması cinayətdir. Əgər bu, yazıçıya qarşı törədilibsə, çox naqis və bağışlanmaz hərəkətdir”.
“Yeni Nəsil” Jurnalistlər Birliyinin sədri Arif Əliyev: “Cəmiyyətdəki gərginliyi götürmək, dinin radikallaşma ehtimalını, dini təbəqənin narazılığını aşağı salmaq üçün ilk növbədə hökumət ölkədə ədalətin, sosial problemlərin həllinə çalışmalıdır. Dəfələrlə deyilib və bu, digər cəmiyyətlərdə də özünü göstərib ki, siyasi azadlıqlar məhdudlaşdırılırsa, ədalətin sosial təminatı prosesində ciddi problemlər yaranırsa, bu zaman ədalətin axtarışı başqa istiqamətlərdə gedir. Ölkədə dini əhval-ruhiyyənin bir qədər radikallaşması da bununla əlaqədardır ki, digər normal, sivil mübarizə üsulları süni surətdə, çox yanlış olaraq məhdudlaşdırılır. Əsas səbəb budur”.