Oğlan, "toy"un Mübarək! Heykəlin bu vaxta kimi qalması mənə dahi Mirzə Cəlilin "
Bəlkə də qaytardılar"ını xatırladırdı.
Fikrimcə, buna sıradan bir hadisə, adicə devrilmiş diktatorun heykəlinin sökülməsi kimi yox, hakimiyyətin özü üçün Mübarək cildində qurduğu arzuların, ümidlərin dağıdılması kimi baxmaq lazımdır. İnsanın arzu və xəyalları üçün qurduğu ümid heykəlinin öz əli ilə dağıdılması qədər dəhşətli bir şeyin olduğunu təsəvvür edə bilirsinizmi? Çox dəhşətlidir...
Hüsnü Mübarək balaca diktatorlar üçün təkcə sıradan bir lider yox, həm də bir simvol, ümid işığı idi. İndi o işığı nankor misirlilər söndürüblər. O işığın istisinə qızınıb, kölgəsində xumarlanıb yatan balaca diktatorların isə yuxusu ərşə çəkilib.
Bu, bir görkdür. Tarix sübut edir ki, heç vaxt xəyallara heykəl ucaltmazlar. Heykəli hüquqa, ədalətə, mərhəmətə qoymaq lazımdır ki, onlara hamının ehtiyacı var. Bu gün məhz Mübarəkin özünün də ən çox ehtiyacı olduğu, arzuladığı şey ədalət və mərhəmətdir. Nə bilmək olar, bəlkə də o, bu gün Tanrının mərhəmətinə hamıdan daha çox inanır, ümid bəsləyir. Hansı ki, bir vaxtlar həmin mərhəmətə sığınan insanların çoxunun həyatı terrorçu, narkoman adı ilə məhv edilmişdi. Bəli, bu gün hamıdan çox onun ədalətli hüquqa ehtiyacı var, baxmayaraq ki, o, 30 ildən çox müddət ərzində həmin hüquqa tüpürmüşdü.
Tüpürmək demişkən, tüpürəndə tüpürdüyünüz yerə diqqətlə baxın, bəlkə o, elə öz sifətinizdir, Mübarəkinki kimi...