Xudafərin layihələri 2016, qalmaqal 2020

May 08, 2020 09:38

Xudafərin körpüsü ətrafında su qovşağı, körpu və su elektrik stansiyası haqda 23 fevral 2016`cı il sazişi və həmin aylarda baş vermiş digər mühüm hadisələr arasında birbaşa məntiqi bağlantı qurmamaq çox çətindir. Bu istiqamətdə söhbətin indi aparılması milli maraqlarımıza o qədər də xidmət etmir deyə, hələlik işin başqa tərəfinə diqqət edək.

İran və SSRİ arasında Arazda su sənaye obyektlərinin tikilməsi haqda hələ 1980`lərdə sazişlər olub, Sovetin Гидропроект institutunun iştirakı ilə sıx texniki əməkdaşlığa başlanılıb. Təbiidir ki, İran tərəfi o sazişlərə arxalanaraq öz ərazisində bir çox hazırlıq və tikinti işləri də görüb, vəsait xərcləyib, iqtisadi imkanlar yaratmaq istəyib. SSRİ`nin dağılması bu əməkdaşlığa əngəl oldu və İran təbii ki, onu davam etdirmək istərdi.

1998`ci il prezident seçkiləri ərəfəsində İran nümayəndə heyəti bu məqsədlə Bakıya gələndə, Heydər Əliyev işğalı əsas gətirərək telekameralar qarşısında onu kobud tərzdə qovdu.

Mövzü İran-Azərbaycan münasibətlərində problemli nöqtələrdən biri olaraq qalırdı. Məsələn, 2007`ci ildə Güney Azərbaycandan olan fəallar etnik azərbaycanlıların həmin ərazidən yavaş-yavaş köçürülməsi, ərazinin etnik tərkibinin dəyişdirilməsi xəbərini yayırdı. Azərbaycan hakimiyyətinə yaxın media bu xəbərləri təkrarlayırdı.

İranın ən çox iqtisadi səmərə axtardığına inansam da, Azərbaycanı bu mövzuda həddən artıq sıxması başqa niyyətlərdən də xəbər verə bilər. Amma bu da ayrı bir mövzudur.

Danışıqlarda İranın bizə ilk baxışda haqlı iradlar bildirməsinə də heç şübhəm yoxdur: “Öz vilayətlərimi iqtisadi baxımdan inkişaf etdirmək istəyirəmsə, Azərbaycanın 25-30 ildir öz torpaqlarını qaytara bilməməsi məni istəyimdən vaz keçməyə niyə yönəltməlidir ki?”

Amma problem ondadır ki, İranın Qarabağ münaqişəsində tərəfsizliyi inandırıcı deyil. Ən azından Şuşa işğalı ətrafındakı hadisələr hələ uzun müddət suallar doğuracaq. Azərbaycan rəhbərliyi isə bu tərəfsizliyin yoxluğunu göstərmək üçün az və daha da azalan iş görür, son illərdə isə ümumiyyətlə susur. Susmasaydı, 2016`cı ildə Xudafərin layihələri mələsində İranın təzyiqlərinə davam gətirməyi bacarardı.

Bu yanaşmam heç bir halda İranla Azərbaycan arasında münasibətlərin pisləşdirilməsinə çağırış kimi qiymətləndirilə bilməz. Geniş tarixi, siyasi və iqtisadi baxışda İran dinc, sabit əməkdaşlıq qonşuluğunda maraqlıdır. Amma problemli nöqtələri tamamilə görməzliyə qoymağımız da düzgün deyil.

P.S. SSRİ`də işlər belə qurulurdu: İranla böyük saziş varsa, o haqda kino da çəkilməlidir. 1989`cu ildə “Azərbaycanfilm” kinostudiyası çəkdi: “Doğma sahillər”. İndi baxmağa həvəsim yoxdur, amma süjeti belədir: iki dövlət sərhəddəki çayda böyük su qovşağı tikməkdədir, başqa dövlətlərin agentləri isə bundan istifadə edib pis işlər görməyə çalışırlar.

az

Previous post Next post
Up