Ermənistandan yan keçən səfər: Liberman Cənubi Qafqaza niyə gəlir?

Sep 13, 2018 17:27


Ermənistandan yan keçən səfər: Liberman Cənubi Qafqaza niyə gəlir?





“İsrail Azərbaycanla münasibətlərə ciddi önəm verir və Ermənistana görə əlaqələrə mənfi təsir göstərə biləcək addımlar atmır”.



Bu fikirləri Yenicag.ru-ya müsahibəsində İsrailin müdafiə naziri Aviqdor Libermanın Cənubi Qafqaz (Azərbaycan və Gürcüstan) ölkələrinə səfərinin məqsədlərini şərh edən israilli ekspert Avraam Şumileviç deyib.

Avraam Şumileviçin sözlərinə görə, Libermanın Bakı və Tiflisdə aparacağı müzakirələrin spektri kifayət qədər geniş olacaq:
“Aviqdor Libermanın Bakıya səfəri çərçivəsində əsasən, iqtisadi və hərbi əməkdaşlıq, o cümlədən digər məsələlər müzakirə olunacaq. Bildiyiniz kimi, İsrail Azərbaycandan neft, enerji daşıyıcıları, karbohidrogen ehtiyatlar idxal edir, əvəzində isə ölkənizə silah ixrac edir və bu, qarşılıqı münasibətlərin çox mühüm məqamıdır. Bunlardan başqa, digər sahələr üzrə əməkdaşlıq üçün geniş imkanlar mövcuddur.

Ümumiyyətlə, Liberman Azərbaycan rəhbərliyi ilə yaxşı münasibətləri, siyasi əlaqələri olan fiqurdur. O baxımdan, deyə bilərik ki, yuxarıda sadaladığım məsələlər ətrafında geniş müzakirələr aparılacaq.

Gürcüstana gəldikdə isə, İsrailin bu ölkə ilə də yüksək qiymətləndirilən ənənəvi siyasi və iqtisadi münasibətləri var. Ancaq İsrailin Gürcüstanla münasibətləri Azərbaycanla əlaqələr səviyyəsində olmasa da, aralarında müxtəlif sahələri əhatə edən əməkdaşlıq mövcuddur.

Liberman Tiflisdə Gürcüstanla hərbi əməkdaşlıq məsələlərini də müzakirə edəcək. Xatırladım ki, 2008-ci ildə Rusiya ilə məlum müharibəyə qədər İsrail Gürcüstan ordusuna yardım göstərir, bu ölkənin Silahlı Qüvvələrinin modernləşdirilməsinə dəstək verirdi.

Bundan sonra İsrail və Gürcüstan arasında imzalanmış hərbi əməkdaşlığa dair müqavilələr donduruldu. Yeri gəlmişkən, ilk olaraq ABŞ Gürcüstanla hərbi əməkdaşlığı dayandırdıqdan sonra İsrail də belə bir addım atdı. İndi isə görürük ki, ABŞ başda olmaqla, bir sıra Qərb dövlətləri Gürcüstanla hərbi əməkdaşlığı bərpa edir, NATO-nun bu ölkə ilə əlaqələri genişlənir. Bu çərçivədə İsrail Hərbi-Sənaye Kompleksinin də Gürcüstanla işbirliyini bərpa etməsi mümkündür.

Libermanın Ermənistana səfər etməməsi məsələsi maraqlıdır. Çünki İsrailin Cənubi Qafqaz ölkələri ilə ən aşağı səviyyəli münasibəti Ermənistanladır. Hətta demək olar ki, bu ölkə ilə əməkdaşlıq yoxdur. İkitərəfli diplomatik əlaqələr isə ciddi əhəmiyyət daşımır. Lakin son dövrlərdə Ermənistanla İsrail arasında siyasi əlaqələr intensivləşib. Lakin İsrailin Ermənistanla əlaqələri Azərbaycan və Gürcüstanla olan münasibətlərinin səviyyəsinə çatmayıb.

Digər tərəfdən, İsrail Ermənistanı Rusiyanın asılılığında qalan, özünün müstəqil siyasəti olmayan bir ölkə kimi tanıyır. Ancaq Ermənistanda baş vermiş hakimiyyət dəyişikliyindən sonra İrəvanın Qərbə meylləndiyi hiss olunur. Görünür, İsrail hələ Ermənistan hökumətinin trendinə daxil deyil.

Libermanın Ermənistana səfər etməməsinin səbəbi isə yəqin ki, onun Azərbaycanla yaxın dostluq münasibətlərində olması və “Azərbaycanın dostu” reputasiyasına malik olmasıdır. O baxımdan, İsrail Azərbaycanla münasibətlərə ciddi önəm verir və Ermənistana görə əlaqələrə mənfi təsir göstərə biləcək addımlar atmır”.

Söhbətləşdi Qafqaz Ömərov

https://yenicag.az/ermenistandan-yan-kecen-sefer-liberman-cenubi-qafqaza-niye-gelir/

Азербайджанский язык, Израиль-Кавказ, Израиль, Азербайджан-Израиль, Азербайджан, Израиль-Россия, Мои тексты, Грузия, Мои интервью, Армения

Previous post Next post
Up