Avraam Şmuleviç: "Əgər Knesset "erməni soyqırımı"nı tanıyarsa, o zaman Xocalı soyqırımını da tanımal

Jun 13, 2018 18:40




Avraam Şmuleviç: "Əgər Knesset "erməni soyqırımı"nı tanıyarsa, o zaman Xocalı soyqırımını da tanımalıdır”


Tanınmış İsrail politoloqu Avraam Şmuleviç Yerusəlim ətrafında ajiotaj, İsrail parlamentində “erməni soyqırımı”nın tanınması məsələsi, İsrailin Azərbaycan və Türkiyə ilə münasibətləri haqqında 
Yenicag.ru-ya geniş müsahibə verib.

“Sizcə, Yerusəlim ətrafında yaranmış beynəlxalq ajiotaj nə ilə yekunlaşacaq?” sualına cavab verən politoloq bildirib ki, Yerusəlim ətrafında beynəlxalq ajiotaj bir neçə min ildir ki davam edir və görünür, yalnız Məsihin gəlişi ilə bitəcək:

“İndiki vəziyyətə gəlincə isə, o qədər də güclü ajiotaj yoxdur. Yerusəlim faktiki olaraq, 1949-cu ildən - dövlətin yaranma vaxtından bu günə qədər İsrailin paytaxtıdır. Bütün ölkələrin nümayəndə heyətləri İsrailə səfər edəndə Yerusəlimə də gəlirlər, çünki burada hökumət, parlament və bir sıra nazirliklər yer alır.

ABŞ səfirliyinin daşınması Fələstin muxtariyyətində hiddət doğurdu, fələstinlilər qəzəbləndilər, amma ərəb ölkələrinin əksəriyyəti buna kifayət qədər sərin yanaşdılar.

Ərdoğana gəlincə isə, o, açıq-aydın Yerusəlimdən Birləşmiş Ştatları sıxmaq üçün istifadə edir. Bütovlükdə düşünürəm ki, gec-tez bütün ölkələr öz səfirliklərini Təl- Əvivdən Yerusəlimə köçürəcəklər”, - deyə Avraam Şmuleviç fikrini izah edib.

“Knesset “erməni soyqırımı” haqqında qanunun qəbulunu müzakirə etməkdən imtina etdi və bu, Ermənistanda hiddət tufanı doğurdu. Hətta İrəvanda “Holokost” qurbanlarına həsr olunan abidənin demontajına çağırışlar da oldu. Ümumiyyətlə sizcə, bu və ya digər faciəni siyasi alətə çevirmək nə qədər düzgündür?” sualına fikir bildirən politoloq bunları deyib:

“İsrail “erməni soyqırımı”nı tanımağa məcbur deyil. Ermənilərin bu tələbi qəribə və gülünc səslənir. Faciəni siyasi alətə çevirmək tamamilə yolverilməzdir. Şəxsən mənim xoşuma gəlmir ki, hər dəfə, Türkiyə-İsrail münasibətləri pisləşən kimi dərhal Knessetdə “erməni soyqırımı” məsələsini qaldırsınlar. Bunu o deputatlar edir ki, onlar erməni diasporası ilə sıx bağlıdırlar.

Baxın, məntiqlə, əgər İsrail parlamenti  “erməni soyqırımı”nı tanıyacaqsa, o zaman deyək ki, qoy Xocalı soyqırımını da tanısınlar”…

Maraqlı müsahibənin geniş versiyasını 
Yenicag.ru-dan oxuya bilərsiniz.

Zaur H.

Yenicag.Az - www.yenicag.az

https://yenicag.az/avraam-smulevic-eger-knesset-ermeni-soyqirimini-taniyarsa-o-zaman-xocali-soyqirimini-da-tanimalidir/

Азербайджан, Азербайджанский язык, Мои тексты, Карабах, Армения, Мои интервью, Азербайджан-Израиль

Previous post Next post
Up